Bildiyimiz kimi, 2026-cı ilin iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat beynəlxalq aləmdə maraqla qarşılanmışdır. Möhtərəm Prezidentimizin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, münasibətlərin normallaşdırılması, etimad mühitinin yaradılması və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət daşıyan məqamlar barədə qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda Almaniyanın mövqeyini müsbət qiymətləndirib.
Ermənistanın yalan və həqiqətdən uzaq iddialarla çıxış etdiyi, beynəlxalq ictimaiyyəti yalnış məlumatlandırmağa çalışdığı diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Qərbdəki bəzi dairələr Azərbaycanın guya Ermənistana hücum edəcəyi haqda absurd, yalan iddialar ortaya atır, lakin onların heç bir əsası yoxdur. Dövlətimizin rəhbəri Azərbaycan işğal altındakı ərazilərin ermənilər tərəfindən dağıdılması, azad olunduqdan sonra həmin torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, həmçinin Azərbaycanın irəli sürdüyü sülh prosesi barədə məlumat verib. Deyib ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır.
Bütün təzyiqlərə baxmayaraq, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir.
Azər İbişov,
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı
👁 3 baxış
