1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməl daşını qoydu. Ana dilində nəşr olunan ilk qəzet olan “Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərk hissinin formalaşmasına və ictimai fikrin inkişafına xidmət edən böyük bir ideoloji məktəb idi. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” cəhalətə və xurafata qarşı mübarizə aparır, elm və təhsili təbliğ edir, xalqı tərəqqiyə səsləyirdi. Həsən bəy Zərdabinin “Qəzetin muradı xalqın gözünü açmaqdır” fikri milli mətbuatın əsas missiyasını aydın şəkildə ifadə edirdi. “Əkinçi”nin yaratdığı maarifçilik ənənəsi sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi nəşrlərdə davam etdirilərək Azərbaycan ictimai fikrinin və milli mətbuat məktəbinin formalaşmasına mühüm töhfə verdi.
Azərbaycan mətbuatı tarix boyu xalqın milli oyanış prosesinin ən güclü vasitələrindən biri olmuşdur. XX əsrin əvvəllərində milli istiqlal ideyalarının yayılmasında, ana dilinin qorunmasında, milli-mənəvi dəyərlərin təbliğində və dövlətçilik düşüncəsinin formalaşmasında mətbuatın rolu əvəzsiz idi. Maarifçi ziyalılar qəzet və jurnallar vasitəsilə cəmiyyətdə yenilikçi ideyaları yayır, xalqı elmə, tərəqqiyə və azad düşüncəyə səsləyirdilər. Milli mətbuat Azərbaycanın mədəni, siyasi və ictimai həyatında baş verən dəyişikliklərin əsas tribunasına çevrilərək xalqın milli kimliyinin möhkəmlənməsinə xidmət etdi. Bu baxımdan, Azərbaycan mətbuatı yalnız hadisələri işıqlandıran informasiya vasitəsi deyil, həm də milli ideologiyanın və vətəndaş şüurunun formalaşmasında mühüm rol oynayan strateji institut kimi tarixə düşmüşdür.
Azərbaycan jurnalistikası müstəqillik dövründə də öz tarixi missiyasını davam etdirmiş, xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı böyük məsuliyyət nümayiş etdirmişdir. Həm cəbhə bölgəsində fəaliyyət göstərən hərbi müxbirlər, həm də redaksiyalarda çalışan jurnalistlər dünya ictimaiyyətini operativ və obyektiv məlumatlarla təmin etmiş, Ermənistan tərəfindən yayılan dezinformasiyalara qarşı peşəkar informasiya mübarizəsi aparmışlar. Müharibə şəraitində çalışan media nümayəndələri həyatlarını riskə ataraq döyüş bölgələrindən reportajlar hazırlamış, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə vermişlər. Bu fəaliyyət göstərdi ki, müasir dövrdə informasiya məkanı da döyüş meydanı qədər strateji əhəmiyyət daşıyır.
Post-müharibə dövründə isə Azərbaycan jurnalistləri azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, “Böyük Qayıdış” proqramını, infrastruktur layihələrini, mədəni irsin bərpasını və Qarabağın sosial-iqtisadi inkişafını geniş şəkildə işıqlandırırlar. Onların fəaliyyəti cəmiyyətin düzgün məlumatlandırılmasına, tarixi həqiqətlərin qorunmasına və Azərbaycanın yeni inkişaf mərhələsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.
Müasir informasiya mühitində Prezident İlham Əliyevin fəaliyyəti də Azərbaycanın informasiya siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Xüsusilə Vətən müharibəsi dövründə Prezidentin dünyanın aparıcı televiziya kanallarına və nüfuzlu media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynadı. Faktlara, beynəlxalq hüquqa və tarixi sənədlərə əsaslanan bu müsahibələr informasiya müharibəsində ölkənin mövqeyinin izah edilməsinə xidmət etdi.
Sonrakı illərdə Azərbaycanda təşkil olunan qlobal media forumları müxtəlif ölkələrdən jurnalistləri, ekspertləri və media rəhbərlərini bir araya gətirərək informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq media əməkdaşlığı kimi aktual məsələlərin müzakirəsinə geniş imkan yaratmışdır. Prezident İlham Əliyevin bu platformalarda çıxışları, eləcə də müxtəlif ölkələrin aparıcı mətbuat orqanlarına verdiyi müsahibələr Azərbaycanın regional və qlobal proseslərə baxışını beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından əhəmiyyət daşıyır.
150 ildən artıq şərəfli inkişaf yolu keçən Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin yandırdığı maarifçilik çırağını bu gün də yaşadır. Tarixin müxtəlif mərhələlərində milli oyanışın, istiqlal düşüncəsinin, dövlətçilik ənənələrinin və milli maraqların müdafiəsinin önündə gedən Azərbaycan mətbuatı bu gün də cəmiyyətin etibarlı informasiya mənbəyi, milli həmrəyliyin və dövlətçiliyin möhkəmlənməsinə xidmət edən mühüm ictimai institut olaraq öz missiyasını uğurla davam etdirir.
Rauf Əliyev
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi
👁 11 baxış
