Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Azərbaycan Respublikasının Əsxanəkəran kəndində yaşayan pensiyaçı müəllim Fərəcov Şirməmməd Hənifə oğlu tərəfindən müraciət:
Hörmətli Cənab Prezident!
Sizə bölgəmizin milli dövlətçiliyimizin qurulması uğrunda mübarizə aparan bir ziyalı vətəndaşı və həm də Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun əmisi olaraq müraciət edirəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda açıq və gizli düşmənlərimizə qarşı şərəflə mübarizə aparmış Raquf Orucovun Azərbaycan xalqı qarşısında göstərdiyi qəhrəmanlıqlar əfsanə deyil, reallıqdır, onun göstərdiyi hərbi şücaətlərinin sayı-hesabı yoxdur.
Raquf Orucov bütün həyatını işğal altında olan Azərbaycan torpaqlarının düşmənlərdən azad olunmasına yönəltmiş, tabeliyində olan əsgər və zabitlərin bir məqsədə- düşmənə qarşı şərəflə mübarizə aparmağa istiqamətləndirmiş, mətin kəşfiyyatçı olaraq dəfələrlə düşmən arxasına keçərək verilmiş yüksək əhəmiyyətli mühüm tapşırıqları yerinə yetirmişdir. O, mətin bir zabit olaraq, anındaca sınan və fikrini dəyişən bir hərbçi olmamışdır, o, yüksək mənəviyyata malik olan bir zabit olduğundan heç bir zaman hisslərlə yaşamamış, yüksək amallar uğrunda mübarizə apararaq həmişə haqqın, ədalətin yanında olmuş və heç bir zaman qürurundan dönməmişdir.
O, hər zaman və tabeliyində olan hər kəsə qarşı diqqətli olmuş, milli dövlətçiliyimizə və Vətənimizin bütövlüyünə xələl gətirə bilən heç bir səhvə yol verməmişdir. Onun ürəyi o qədər Vətənə və dövlətə bağlı olmuşdur ki, ona qarşı edilən haqsızlıqları heç bir vaxt büruzə verməmiş, heç nə olmayıbmış kimi, ali rəhbərlik tərəfindən verilmiş bütün tapşırıqları sözsüz və qüsursuz yerinə yetirmişdir. Daim tabeliyində olan əsgər və zabitləri öz övladları kimi sevmiş, aldığı maaşın çoxunu imkansız əsgərlərinin ehtiyaclarına sərf etmişdir.
Hörmətli Cənab Prezident!
Uzun illər hərbi sirr olaraq saxlanılan və açıqlanmayan iki faktı göstərmək kifayətdir ki, Raquf Orucovun necə bir mətin kəşfiyyat zabiti olduğu bilinsin. Raquf Orucov hələ Murovdağda xidmət edən zaman ermənilər Azərbaycan Milli Ordusunun 7 əsgərini əsir alırlar və onların azad edilməsi barədə Azərbaycan tərəfi ilə heç bir razılığa gəlmirlər. Belə olanda, hərbi rəhbərlik Ulu Öndərimizin verdiyi tapşırığa əsasən ermənilərin içərisinə kəşfiyyat qrupu göndərmək əmrini alırlar. Tapşırığın yerinə yetirilməsini könüllü olaraq kəşfiyyat komandiri Raquf Orucov öz öhdəsinə alaraq işğal altında olan Kəlbəcər ərazisinə keçərək ciddi təhlükə ilə üzbəüz qalaraq lazım olan tapşırığı yerinə yetirir və Ermənistan Ordusunun komandirlərindən birinin oğlunu və əlavə iki nəfəri ələ keçirərək Azərbaycan komandanlığına təhvil verir və əsir əsgərlərimizin azad olunmasını təmin edir. Həmin hadisədən sonra Raquf Orucova “Murov qartalı” ləqəbi verilir. Bundan əlavə, Raquf Orucov işğal altında olan əraziyə keçərək kəşfiyyat məlumatlarını toplamaqla yanaşı, erməni hərbi hissəsində keçirilən andiçmə mərasimini videolentə çəkərək komandanlığa təhvil vermişdir. Silah və döyüş dostlarının verdikləri çoxlu məlumatlara görə, Raquf Orucov kəşfiyyatın komandiri olanda dəfələrlə işğal olunmuş Ağdam, Tərtər və Kəlbəcərə ərazilərinə keçərək düşmənlərə qarşı qisas əməliyyatlarını aparmışdır. Bu faktları dövlətimizin gizli xidmət və kəşfiyyat orqanları yaxşı bilirlər. Məlum olan odur ki, Raquf İbrahim oğlu Orucov canı və qanı ilə Azərbaycana, milli dövlətçiliyimizə və müstəqilliyimizə bağlı əsl Qəhrəman olmuşdur. Raqufun sonuncu döyüşü 2016-cı ilin aprel ayında baş vermişdir. Həmin döyüşdə o, qarşıya qoyulmuş tapşırığı zabit şərəfi ilə yerinə yetrərək qəhrəmancasına şəhid olmuş və hərbi xidmətlərinə görə aşağıdakı medallarla təltif olunmuşdur:
- 1995 – “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı• 1998 – “Hərbi xidmətlərə görə” medalı
- 2001 – “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
- 2003 – “Qüsursuz xidmətə görə” III dərəcəli medalı
- 2008 – “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
- 2008 – “Qüsursuz xidmətə görə” II dərəcəli medalı• 2013 – “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
- 2013 – “Qüsursuz xidmətə görə” I dərəcəli medalı
- 2016 – “İgidliyə görə” medalıBir Ağsaqqal olaraq düşünürəm ki, Raquf Orucov Azərbaycanın Milli Qəhrəmanı adına layiq olan şərəfli Azərbaycan zabitidir. Ona görə də Sizə müraciət edərək xahiş edirəm ki, Raquf Orucovun bütün hərbi fəaliyyət dövrü araşdırılsın və ona çoxdan haqq etdiyi Milli Qəhrəman adı verilsin! Çünki, Azərbaycan xalqı Raquf Orucovu Milli Qəhrəman kimi tanıyır.
👁 69 baxış
