Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar və taleyüklü hadisələrindən biridir. Bu gün yalnız bir siyasi hadisənin deyil, həm də xalqın milli iradəsinin, dövlətçilik ənənələrinin və müstəqilliyə sadiqliyinin təntənəsidir. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq, müstəqilliyini itirmək və vətəndaş qarşıdurması təhlükəsindən xilas etdi. 1993-cü ilin iyununda Azərbaycanda yaranmış daxili siyasi böhran, hakimiyyətin fəaliyyəti ilə ictimai mənafelər və milli maraqlar arasında yaranmış son dərəcə dərin ziddiyyət, iqtisadi, hərbi və diplomatik uğursuzlar ölkəni geri dönüşü mümkünsüz görünən bir fəlakətə sürükləyirdi. Yaxınlaşmaqda olan bu fəlakətin miqyasını təsəvvür etmək üçün sadəcə 1991-ci ildə müstəqilliyin bərpasının elan edilməsindən 1993-cü ilin iyunun əvvəllərinə qədər baş verən hadisələrin xronologiyasına nəzər yetirmək kifayətdir. Azərbaycan dövləti uçurumun lap kənarında dayanmışdı və onu məhv etmək üçün kiçik bir təkan lazım idi. Ümummilli Liderin irəli sürdüyü milli qurtuluş fəlsəfəsinin tarixi-siyasi məzmununu ifadə edən bu fikirlərin uğurla həyata keçirilməsi Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini qoruyub saxlamağa imkan verdi. Yenicə müstəqillik əldə etmiş bir ölkə çox qısa vaxt ərzində dünyanın siyasi səhnəsində öz yerini möhkəmnləndirməyə müvəffəq oldu.
Həmin dövrdə həyata keçirilən dövlət quruculuğu siyasəti Azərbaycanın gələcək inkişafının əsaslarını formalaşdırıb, ölkənin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət olunması məhz bu baxımdan ictimai şüurun, ümumxalq təfəkkürünün ən mürəkkəb situasiyalarda verdiyi qərarların siyasi proseslərə təsirinin nəticələrinin ölçülməsi baxımından ciddi sosioloji araşdırmaların mövzusu ola bilər. 1993-cü il iyunun 15-dən sonra ölkədə baş verən proseslər, milli dövlət modelinin qurulması, güclü idarəçilik sisteminin, mükəmməl xarici siyasət strategiyasının, iqtisadi inkişaf xəttinin formalaşdırılması şübhəsiz ki, nəticə etibarilə Ulu Öndərin müdrik siyasi lider kimi mükəmməl obrazının ştrixlərini özündə ehtiva etməklə yanaşı, həm də Azərbaycan xalqının tarixi anlarda dəqiq qərar qəbul etmək bacarığının göstəricisidir. Yəqin ki, bu mühüm məqam tarixçilərin, siyasətçilərin və o cümlədən sosioloqların da apardığı tədqiqatların predmeti ola bilər. Çünki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətini məhv olmaqdan xilas edən qurtuluş missiyası həm də ümumxalq şüurunun siyasi, mənəvi-psixoloji və iqtisadi böhranlara səbəb olan proseslərə reaksiyasının mühüm elementlərini özündə ehtiva edir. Bu cür reaksiyanı yalnız milli şüuru formalaşmış, etnik, mədəni, dini və tarixi kontekstlə yanaşı, həm də ortaq mənafe və maraqlara malik toplumlar göstərə bilər. 15 İyun-Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyəti fikrimcə, həm də bu baxımdan xüsusi diqqətə layiqdir.

Fazil Məhəmmədov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü

👁 11 baxış