Varlı, dövlətli Şirməmməd Fərəcov və “Ömür Kitabım” – FOTOLAR

Samuel Smayls adlı bir britaniyalı yazıçı var, bir fikri fikrimlə üst-üstə düşdüyü üçün əvvəlcə o fikri demək istəyirəm. S.Smayls deyir ki, bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.Təbii ki, bir cəmiyyətin ziyalısı, işıqlı, çağdaş insanı hesab olunursansa, kitabı əldən yerə qoymamalısan. Çünki dahilərin dediyi kimi, yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. Bu söhbətdən də hələ heç bir insan övladı zərər görməyib, əksinə hər zaman xeyir görür.Odur ki, mən də xeyir görmək məqsədilə əlimə yeni düşmüş bir kitabı həm özüm oxuyacağam, həm də əsaslandırılmış dəlillərlə sizin də oxumağınızı təşkil edəcəyəm. Yəni, məqsədim bu maraqlı kitabı kitabsevərlərə mütləq oxutmaqdır və amacımı asta-asta həyata keçirməyə baş-la-dım!.

Xoşbəxt adam – haqqında ən gözəl fikirlər səslənən adamdır…

“Ömür Kitabım” sənədli povest haqqında danışmamışdan əvvəl onun müəllifi haqqında danışmasaq olmaz! Çünki hər maraqlı bir kitabın arxasında mütləq bir ziyalı, dünyagörüşlü, həssas qəlbli, ləyaqətli və nəhayət bir maraqlı şəxsiyyət durur. Sadaladığım xüsusiyyətlərə malik olmadan əsər yazmaq, yaradıcılıq işləri ilə məşğul olmaq mümkün deyil.Şirməmməd Fərəcov 1957-ci ilin 2 avqustunda Astara rayonunun Əsxənəkəran kəndində kasıb, amma cəsurluqları o bölgədə ad-san qazanmış bir nəslin övladı olaraq dünyaya gəlib. Nəslindəki həmçinin kökündəki babaları əlində silah bir ulusu düşməndən, yadellilərin hücumundan qoruyub. -Bu haqda daha geniş kitabdan oxuyacaqsınız. Amma onu da vurğulayaq ki, Şirməmməd müəllimin nəslinin hazırda ən tanınmış nümayəndəsi, qardaşı oğlu Azərbaycanın Milli Qəhrəman, Gizir Pəncəli Teymurovdur.Astara rayonunun Əzərud kənd məktəbində ömrünün böyük bir hissəsini tarix müəllimi kimi şagirdlərinə vətəni sevdirən Şirməmməd Teymurov təkcə şagirdlərinin, el-obasının deyil, şəxsən tanımadığı insanların qəlbində də vətənsevərliyi, obyektivliyi, dürüstlüyü , səmimiyyəti ilə özünə taxt qura bilib. Məsələn, mən və yüzlərlə mənim kimi sosial şəbəkələrdən Şirməmməd müəllimin şəxsiyyətinə bələd olan və onu yüksək qiymətləndirən insanlar var. Onlardan biri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev öz tarixinə , keçmişinə vurğun, vətənsevər tarix müəllimi ilə bağlı bu fikirdədir:” Düşünün bir dostun var. Həm müəllim, həm qardaş, həm dost deyirsən. Ürəyi dağlardan böyük, şəxsiyyəti bir dünyadan da qat qat böyük və insanlığı ilə örnək ala biləcəyin dost. Siz çox dəyərli bir insansız mənim üçün, dostlarım üçün. Siz çox istəyirəm və fəxr edirəm və qürurla deyirəm ki, mənim Şirməmməd müəllim kimi dostum var. Mən Vətəni çox sevirəm, Sizin Vətən sevginiz o qədər böyükdür ki, vətənə eyni zamanda Sizin gözləriniz ilə baxıb ikiqat sevirəm. Siz Vətəni sevməyi qəhrəman Pəncəli Teymurova öyrətmisiniz. Bizə də elə öyrədirsiniz. Hörmət bəslədiyim şəxsiyyət Şirməmməd müəllimin qələmə aldığı “Ömür Kitabım” adlı əsər də məhz belə bir canlı salnamədir. Bu kitab təkcə bir insanın həyat yolunu deyil, XXəsrin ikinci yarısından XXI əsrin əvvəllərinədək Azərbaycanın , xüsusilə, Astrara regionunun keçdiyi ictimai-siyasi sınaqları Azərbaycan oxucusuna ürəkdən nəql edir.Bu gür xatirələrin əsl dəyəri ondadır ki, böyük tarixi hadisələri sadə insanların gözü ilə görüb , onların dərin qorxularını , sarsılmaz ümidlərini duyuruq. Fərəcovun ömür yolu dəmirçi ailəsindən başlayıb , ali təhsilə, dövlət qulluğundan pedaqoji fəaliyyətədək uzanan çoxşaxəli, və mürəkkəb bir yoldur. Sovet dönəminin ağır illərindən, müstəqil Azərbaycanın quruculuğuna qədər keçən yol sadəcə onun deyil, bütöv bir nəslin tarixidir”.Beləliklə, kitab haqqında da, müəllif haqqında da kifayət qədər məlumat toplamış oldunuz.

Varlı, dövlətli Şirməməd müəllimin tükənməz sərvətləri…

Amma kitabla bağlı bəzi məlumatları da oxuculara tamam-kamal bildirək. Deməli, 488 səhifədən ibarət bu kitab müəllifin şəxsi həyat yolunun, ailə yaddaşının, və yaşadığı mühitin canlı və səmimi təsviri kimi oxucuya təqdim olunur. Burada hadisələr sadəcə xronoloji ardıcıllıqla deyil, daxili duyğuların xatirələrin və zamanın süzgəcindən keçmiş həqiqətlərin prizmasından verilir. Məhz elə bu yanaşma əsərə bədii dərinlik , həm də sənədli səmimiyyət verir. Nəticə etibarı ilə “Ömür Kitabım” insanın öz kökünə bağlılığını, , ailə dəyərlərinin əhəmiyyətini, , dostluğun gücünü və həyatın çətinlikləri qarşısında sınmamamağın vacibliyini aydın və təsirli şəkildə təqdim edən sənədli-bədii əsər kimi diqqəti cəlb edir və oxucunu həm düşündürür, həm də mənəvi baxımdan zənginləşdirir. 2026-cı il Bakıda Onur-Print nəşriyyatında işıq üzü görən ” Ömür kitabım ” sənədli povestinin Azərbaycan Milli Elmlər Akademiyasının elmi kitabxanasının Akademik zalında təqdimat mərasimi keçirildi. Şirməmməd müəllimin qəlbən seçdiyi, sevdiyi bütün dostlar, tanışlar 20 mayda yığışmışdılar onun ətrafına! ! İşığın başına pərvanələr yığışan kimi! Tədbirdə – tədbir deyəndə, rəsmi çıxır, görüşdə, görüş yerində, dostların yığışdığı məclisdə abu- hava yüksək səviyyədə, səmimiyyət , mehribanlıq valehedici idi. Hər kəs ürək sözlərini söylədi, Şirməmməd müəllimin şəninə yaraşan kəlmələrini dedi. Hələ 2018-ci ildə Fərəcovu yeni tanıyanda onu “Cənub zonasının vətənpərvər ziyalısı” adlandırmışdım, həmin günü də bir daha təsdiqlədim ki, mən səhv etməmişəm! Şirməmməd müəllim əxlaqı, danışığı, davranışı və səmimiyyəti ilə də bu adı çoxdan haqq edib. Kaş ki, bu məqaləni oxuyan hər kəs o tədbirdə olaydı, məllifi də , onun ömrünün kitabını da yaxından görəydi. Amma görməyənlər heyfslənməsin , çünki həmin günün işıqlı təsviri fotolarda qalıb.Uşaqlıqdan kitaba, təhsilə böyük sevgisi ilə seçilən Ş.Fərəcovun həyatından bir fraqment: III sinifdə oxuyanda sinif rəhbərimiz rəhmətlik Yəğnəli müəllim idi. O, rus dilindən başqa bütün dərsləri bizə deyirdi. Bir gün sinfimizə Astara Rayon Maarif Şöbəsinin inspektoru Rəfi Məmmədov gəldi və bizə ana dilindən ifadə verdi.İfadənin mövzusu indi də yadımdadır: “ Yalançı çoban “. Müəllimimiz bir dəfə ifadəni oxuyub izah edəndən sonra bizə əvvəl qaralamanı, müəllim qaralamanı yoxlayandan sonra isə ağarmanı yazmağı tapşırdı. İfadəni elə öyrəndim ki, birbaşa ağarmaya yazdım. Müəllim gözəl xətlə yazdığım yazını inspektora göstərdi. Rəfi müəllim məni xeyli təriflədi. Sonra qeyd dəftərini açıb xeyli yazdı, daha sonra isə eynəyini sinifdə unudub getdi. Dərsdən sonra sinif iclasımız oldu. İclas Rəfi müəllimin tapşırığı ilə çağırılmışdı. İclasda məktəbin direktoru Bəhrəm Babayev, Rəfi müəllim və məktəbin müəllimləri iştirak edirdilər. Rəfi müəllim çıxışında sinif müəllimimiz Yəğnəli Qəhrəmanovu, sinifdə oxuyan şagirdləri və məni çox təriflədi. O, dedi ki, məktəbin rəhbərliyi xüsusi istedada malik olan şagirdlərə hər cür qayğı göstərməli, onların maddi ehtiyaclarının təmin olunmasına kömək etməlidir. Həmin gün mənə bir ədəd şalvar və bir cüt çəkmə verdilər, sevincimin həddi-hüdudu yox idi, çünki, 4 il idi ki, məktəbə gedirdim, lakin imkansızlıqdan ayağıma hələ çəkmə geyməmişdim”.Əziz oxucu, bilirsiniz, 488 səhifəlik o kitabdan niyə məhz bu hissəni diqqətinizə çatdırdım? Həəə, deyim, amma bunu qulağınızda sırğa edin: Şirməmməd müəllim bir çoxumuz kimi kasıb ailənin övladı olub və əminəm ki, bir çoxumuz kimi ağır şərtlər altında böyüyüb. Amma baxın, kitab, təhsil, onların verdiyi əxlaq, ərkan, davranış, vətənə , xalqa, sevgi, ləyaqətli xidmət onu nə qədər varlandırıb, dövlət sahibi edib… Şirməmməd müəllimin respublikanın hər bucağında evi var. Hansı bölgəmizdə hansı qapını açsa onu ehtiramla qarşılayarlar, əziz insan kimi xidmətində durarlar. Yeri gəlmişkən, məclisdə Elxan Qulamov adlı bir soydaşımız da vardı, Moskvada yaşayır. Eşitmişdi ki, Şirməmməd müəllim kitab təqdimatı keçirir, baxmayıb ki, Ukrayna dronları Moskva və ətrafını, eyni zamanda aeroportları vurur. Təyyarə ilə birbaşa Bakıya gəlməkdən çəkinməmişdi. Hələ 1975-80-ci illərdə tələbə yoldaşı olmuş Cəmilə xanım Şəkidən tədbirə sevinə-sevinə gəldiyini fəxrlə deyirdi.Qədim yunan filosoflarından biri olmuş Pifaqor deyib ki, əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy.Hesab edirəm, Firməmməd Fərəcovu dübarə xoşbəxt, var-dövlətli insan adlandırmaq olar: Gözəl və nümunəvi ailəyə, maraqlı, oxunaqlı “Ömür Kitabım” adlı sənədli povestə sahibdir. Hələ, görüş yerində elan elədi ki, tezliklə elinin -obasının igid oğluna həsr etdiyi “Qaçaq Bəhlul ” adlı tarixi romanınıda çapa verəcək:” Azərbaycan tarixinin şərəfli səhifəsini təşkil edən və sovet quruluşuna qarşı 7 il barışmaz mübarizə aparan Qaçaq Bəhlulun və onun silahdaşlarının şərəfli mübarizəsini yazmağı qərara aldım”.Uğur olsun, Şirməmməd Fərəcov! Yazın-yaradın, oxuyaq bilgimizi artıraq, zövqümüzü yeniliyək, dünyagörüşümüzü genişləndirək!

Siz, mütləq yazın!Böyük ehtiramla: Əntiqə Rəşid

👁 161 baxış