Qurban bayramı İslam dünyasında, o cümlədən Azərbaycanda insanların mənəvi birliyini, mərhəmət və paylaşmaq ənənələrini yaşadan ən əziz dini bayramlardan biri kimi qeyd olunur. Qurban bayramı həm də milli-mənəvi dəyərlərin qorunmasına, insanlar arasında qarşılıqlı anlayışın və sosial həmrəyliyin daha da möhkəmlənməsinə xüsusi töhfə verən əlamətdar günlərdən biridir.
Mecra.az xəbər verir ki, Qurban bayramı münasibətilə Pirallahı rayonunda bayram tədbirlərinin təhlükəsiz və nizamlı şəkildə təşkili məqsədilə müvafiq hazırlıq işləri görülmüşdür. Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış xüsusi kəsim məntəqəsində heyvanların kəsimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının nəzarəti altında həyata keçirilmiş, proses zamanı sanitar-gigiyenik qaydalara və mövcud təhlükəsizlik tələblərinə ciddi əməl olunmuşdur. Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 8 ünvanında yerləşən çadır tipli məntəqədə vətəndaşların rahatlığı üçün zəruri şərait yaradılmış, kommunal xidmətlər təşkil edilmiş, tullantıların operativ şəkildə toplanması üçün xüsusi konteynerlər quraşdırılmışdır. Bununla yanaşı, əraziyə gətirilən diri heyvanların saxlanılması və onlara nəzarətin təmin olunması üçün də müvafiq imkanlar yaradılmışdır.
Bayram münasibətilə ümumilikdə 200-dən çox ailəyə, o cümlədən şəhid ailələrinə, müharibə iştirakçılarına, veteranlara, əlillərə və aztəminatlı ailələrə 600 kq-a qədər ət paylanılmışdır.
Qurban bayramı münasibətilə təşkil edilən xeyriyyə aksiyalarında Rayon İcra Hakimiyyəti ilə bərabər, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar da fəallıq göstərmişlər. Bayram sovqatı ilə əlaqədar sakinlərimiz dövlət başçısına öz xüsusi minnətdarlıqlarını çatdırmışlar.





👁 4 baxış
