“Qurban bayramı süfrələrinizə xeyir-bərəkət gətirsin…” – Rafiq Cəlilovdan bayram təbriki

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Qurban Bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib.

Müraciətdə deyilir:

Əziz Cəlilabadlılar!

Müqəddəs Qurban Bayramı İslam dininin ən böyük bayramından biridir. Qurban Bayramı əzəmətli bir bayram, eyni zamanda ibadətin baharı, təlim, tərbiyə, paklıq tədbiridir. Qəlbləri ilahi hikmətlə nurlandıran Qurban Bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Qurban bayramı Allaha ən ali yaxınlıq məqamıdır.

Ulu Öndərimiz Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra İslam dünyasının ayrılmaz hissəsi olan Müstəqil Azərbaycan Respublikasında milli və dini mərasimlər, o cümlədən Qurban Bayramı hər il təntənə ilə qeyd edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-preizdent Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycanda milli mənəvi dəyərlərimiz inkişaf edir, məscidlər, ziyarətgahlar tikilir, ya da bərpa olunaraq dindarların istifadəsinə verilir.

Xoşbəxt insanlar o kəslərdir ki, Qurban Bayramının ülvi dəyərlərini dərk edir, onun hədsiz-hüdudsuz bərəkətlərindən bəhrələnir, mənəvi zənginlik əldə etmiş olurlar.Bu gün tam razılıq hissi ilə bildirirəm ki, Cəlilabadlılar bayram sevincini məmnunluqla bölüşür, xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcəkdir.

Əziz Cəlilabadlılar!

Hər birinizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, ən səmimi arzu və diləklərimi yetirirəm. Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzu edirəm. Qurban bayramı ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Qurban bayramınız mübarək olsun!

Hörmətlə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov

 

👁 55 baxış