Qurban bayramında bunları etməyin!

Qurban bayramı dövründə qırmızı ət istehlakının artması, gigiyena qaydalarına kifayət qədər əməl olunmaması və kəsim prosesində diqqətsizlik müxtəlif sağlamlıq və təhlükəsizlik riskləri yarada bilər.

Mecra.az xəbər verir ki, mütəxəssislər bu dövrdə xüsusilə qidalanma balansı, sanitariya və kəsim zamanı ehtiyatlı davranışın vacibliyini vurğulayır.

Belə ki, ətin düzgün saxlanmaması həzm sistemi problemlərinə səbəb ola bilər. Həmçinin yeməklərin hazırlanmasında əlavə yağ istifadəsinin azaldılması və porsiya nəzarətinə diqqət yetirilməsi məsləhət görülür.

Bayram dövründə gigiyena qaydalarına əməl edilməməsi də əsas risklərdən biri kimi göstərilir. Kəsim və emal prosesində istifadə olunan bıçaq, taxta və digər alətlərin təmizliyi, eləcə də, əllərin gigiyenası infeksion xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Ətin düzgün temperaturda saxlanması və tam bişirilmədən istehlak edilməməsi də vacib məqamlardandır.

Qidalanma mütəxəssisləri bayram süfrələrində balanslı rasiona üstünlük verilməsini, ətin tərəvəz və lifli qidalarla birlikdə istehlak edilməsini tövsiyə edir. Qırmızı ət miqdarının nəzarətdə saxlanması və ağır yeməklərdən uzaq durulması da sağlamlıq baxımından əhəmiyyətli sayılır.

Eyni zamanda, bayram günlərində kəsim və doğrama zamanı baş verə biləcək xəsarətlərin də artdığı bildirilir. Bu səbəbdən təhlükəsiz kəsim qaydalarına riayət edilməsi, təcrübəsiz şəxslərin prosesə nəzarətsiz şəkildə cəlb olunmaması və hər hansı xəsarət zamanı vaxtında tibbi yardıma müraciət edilməsi tövsiyə olunur.

Ümumiyyətlə, bayramın sağlam və problemsiz keçməsi üçün həm qida təhlükəsizliyi, həm də şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır (Qafqazinfo).

👁 45 baxış