Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Qamışlıgöl kənd sakinləri ilə keçirib.
Mecra.az xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir.
Rafiq Cəlilov bildirmişdir ki, səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Redaksiyadan: Amma çox təəssüflər olsun ki, bəzi xəbər saytları icra başçısının bu görüşünü müxtəlif yerə yozublar. Onların iddiasına görə guya icra başçısı kölgədə oturub, kənd sakinləri isə günün altında. Amma fotolara diqqətlə baxsaq elə ön sıralarda üzərinə gün düşən məmurlar da var axı. Onu da qeyd edək ki, icra başçısı Rafiq Cəlilovun fəaliyyətindən rayon sakinlərinin ziyalı təbəqəsi və sakinlərinin böyük əksəriyyəti razılıq edir.





👁 129 baxış
