İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Belə bir qüdrətli dövlət xadiminin ölkəmizə səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, həm də Azərbaycanın beynəlxalq miqyasda artan əhəmiyyətini təsdiqləyir. Qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır.
Həmçinin, XX əsrin axırlarında Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin həll olunması prosesində də yaxından və ilkin iştirak edən ölkələrdən biri məhz İtaliya olmuşdu. ATƏT-in Minsk qrupunun üzvü olan İtaliya münaqişənin ilk vaxtlarından onun həlli üçün fəallıq göstərib. İtaliyalı diplomat Mario Rafaellinin bu sahədə fəaliyyəti xüsusilə yaddaqalan olub. İtaliya hazırda Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir. Avropada ən yaxın ticarət tərəfdaşımız olmaqla yanaşı İtaliya TANAP-TAP layihələrində aparıcı tranzit ölkələrdən biridir.
Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir. İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.
Keçirilmiş mətbuat brifinqində Ciorcia Meloni Azərbaycana səfərinə xüsusi əhəmiyyət verdiyini qeyd edib: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminik ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik.
Aydın Hüseynov,
Siyasi şərhçi
👁 2 baxış
