“Pensiya yaşının azaldılmasının tərəfdarıyam. Düşünürəm ki, qadınlarda 50, kişilərdə 55 pensiya yaşı təyin olunsa, çox yaxşı olar”.
Məcra.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Paşazadə deyib.
Onun sözlərinə görə, pensiya yaşının azaldılması istiqamətdə müzakirələr davam edir:
“Milli Məclisdə bir neçə dəfə pensiya yaşının azaldılması ilə bağlı məsələlər qaldırılıb. Mən də pensiya yaşının azaldılmasının tərəfdarıyam. Düşünürəm ki, qadınlarda 50, kişilərdə 55 pensiya yaşı təyin olunsa, çox yaxşı olar. Təbii ki, müzakirlər davam edir. Dövlət də iqtisadi tərəfdən bəzi məsələlərin həllini düşünür. Pensiya yaşını birdəfəlik yox, 6 ay-6 ay, il-il geri çəkməklə hər il azaltmaq olar”.
Milət vəkili bildirib ki, pensiya yaşının azaldılması gənc kadrlar üçün iş yerlərinin çoxalması deməkdir:
“Pensiya yaşının azaldılması həmçinin gənc kadrlarımızın istər elmi, istər texniki, istərsə də digər sahələrdə daha rahat iş tapmasına kömək olar. Eyni zamanda gənclərimiz üçün iş yerləri də çoxalar. Pensiya yaşının azaldılması hələ millət vəkilləri və iqtisadi tərəfdən bu qanunun hazırlanması imkanları müzakirə olunacaq”.
C.Paşazadə vurğulayıb ki, bu istiqamətdə cəmiyyətdə fikir ayrılıqları mövcuddur:
“Həmçinin pensiya yaşının azaldılması istiqamətində də cəmiyyətdə fikir ayrılıqları mövcuddur. Bizim maaşlarımız dünya standartlarına hələ ki uyğun deyil. İldə bir neçə dəfə maaşlar qaldırılsa da, ailələrin vəziyyətini tam yaxşılaşdıra bilməyib. Elmi sahədə çalışan insanların bir qismi pensiya yaşının qaldırılmasını istəyirlər, çünki iş maaşları pensiyadan bir qədər yüksəkdir. Düşünürlər ki, daha çox çalışmaqla ailənin müəyyən problemlərini həll edə bilərlər”.