“Bir neçə gün bundan əvvəl, Bərdə rayonunda 4 nəfər tərəfindən cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın məsələsi ölkə gündəminə oturmuşdu. Bu gün sosial şəbəkədə oxuyuram ki, ailənin vəkili Ruhəngiz Quliyeva açıqlama verib. Qızın kiçik bacısı ona zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Səbəb isə kənddəki bəzi insanlar tərəfindən onların linç edilməsi və onlara yuxarıdan aşağı baxmalarıdır”.
Mecra.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında yazıb. Aktrisa Bərdədə 4 nəfərin təcavüz etdiyi 14 yaşlı qızdan bəhs edib:
“Hətta təcavüzə məruz qalan qıza ölüm arzulayırlar. İndi qıza ölüm arzulayan və onun ailəsini cəmiyyətdən kənarlaşdırmaq istəyən ağzıgöyçəklərə sual verirəm: Sizin ailənizdə, nəslinizdə qız uşağı böyümür? Nə bilirsiniz ki, gələcəkdə başlarına hansısa şərəfsiz tərəfindən bu hadisə gəlməyəcək? Hansı oğlanın, kişinin alnında pedofil, manyak olduğu yazılıb? Həmin qız ömrüboyu unuda bilməyəcəyi travma yaşayıb. Bir tərəfdən də sizin aşağılayıcı gözləriniz, sözləriniz ilə mübarizə apara biləcək gücdə deyil. Həmin kəndin sakinlərindən xahiş edirəm ki, qıza mənəvi dəstək olaraq, həyata adaptasiya etsinlər. Cəmiyyət olaraq, yıxılanın yanında olmalıyıq”.
Xanlarova 1989-cu ildə oynadığı “Sahilsiz gecə” filmindən epizod yayımlayaraq “Filimin üzərindən illər keçsə də, cəmiyyətdə haqqsızlığa məruz qalan qadına qarşı münasibət dəyişilməyib” sözlərini əlavə edib. Axşam.az