Şuşa Qlobal Media Forumu, yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir. Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub və fəaliyyəti ilə bunu sübut edərək parlaq nümunə sərgiləyib. Düşünülmüş addımlara, düzgün qurulan strategiyaya əsaslanan xarici siyasətin nəticəsi olaraq Azərbaycana maraq günbəgün artır. Ölkəmiz yüksək iqtisadi göstəricilərə malik sabitlik adası olaraq dünyanın diqqət mərkəzindədir. İyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib. Tədbirə 52 ölkədən 140-a yaxın media nümayəndəsi qatılıb. Onların sırasında 30-dan çox nüfuzlu xəbər agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80 media qurumunun və müvafiq dövlət strukturlarının təmsilçiləri yer alıb. Bu, Forumun geniş coğrafi və institusional əhatə dairəsinin göstəricisidir və Şuşanın informasiya diplomatiyasının mərkəzinə çevrildiyini bir daha sübut edir. Forum müasir çağırışlar fonunda media dayanıqlığının təmin olunması, etibarlı və şəffaf informasiya mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu mötəbər tədbir, ölkənin informasiya siyasətində qlobal trendlərə nə dərəcədə adekvat cavab verdiyini, həmçinin süni intellekt dövründə media sahəsində liderliyə iddialı olduğunu bir daha nümayiş etdirir. Şuşa Qlobal Media Forumu, yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forum rəqəmsallaşmanın media dünyasına təsirini və süni intellektin yaratdığı yeni reallıqları müzakirə etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyulda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda etdiyi çıxış və forum iştirakçıları ilə müzakirələr ölkənin beynəlxalq arenada güclənən mövqeyini, regional sabitlik uğrunda səylərini və davamlı inkişaf strategiyasını bir daha nümayiş etdirdi. Bu çıxışda Azərbaycanın postmünaqişə bərpası, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və qlobal diplomatik təşəbbüsləri kimi prioritet istiqamətlər əks olunub.
Forumun aktual mövzusu – rəqəmsallaşma, süni intellektin media məkanında yaratdığı çağırışlar və informasiya təhlükəsizliyi ilə bağlı müzakirələr dünyanın müxtəlif ölkələrindən olan media peşəkarlarının böyük marağına səbəb olub. Forum çərçivəsində qlobal media mühitində etibarlı informasiya axınının təmin olunması, dezinformasiya ilə mübarizə, redaksiya məsuliyyəti, media savadlılığının təşviqi və texnoloji transformasiyanın etik çərçivədə tənzimlənməsi kimi məsələlər geniş şəkildə gündəmə gətirilib. Bütün bunlar Forumun beynəlxalq mediada geniş əks-səda doğurmasına səbəb olub. Dünyanın aparıcı xəbər agentlikləri və media Forum barədə yazılar dərc edərək, tədbirin həm mövzu aktuallığını, həm də Şuşanın simvolik və strateji əhəmiyyətini ön plana çıxarıblar.

Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

👁 baxış