Münaqişə məkanından dialoq mərkəzinə: Xankəndidə beynəlxalq forum

19 İyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu keçirildi. Forum, sürətlə dəyişən informasiya mühiti və texnologiya çağırışları fonunda dünyanın müxtəlif ölkələrindən tanınmış media rəhbərlərini, jurnalistləri, analitikləri, texnologiya mütəxəssislərini və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirdi.
Tədbirdə 52 ölkədən 140 xarici nümayəndə, o cümlədən 30-a yaxın beynəlxalq informasiya agentliyi və 80-dən çox media qurumu iştirak edirdi. Forumda həmçinin yerli media təmsilçiləri, jurnalistlər, ekspertlər və dövlət rəsmiləri də təmsil olunmuşdu. Builki Forum müasir medianın qarşısında duran ən aktual problemlərdən birinə – Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsinə həsr edilmişdi. Süni intellektin, böyük məlumat axınının və dezinformasiya risklərinin sürətlə artdığı bir zamanda, Forum informasiya sahəsində yaranan təhdidlərə qarşı qlobal yanaşmaların və əməkdaşlığın vacibliyinə diqqət çəkdi.
Panel sessiyalarında media savadlılığı, süni intellektin jurnalistika və informasiya istehsalına təsiri, kibertəhlükəsizlik məsələləri, dezinformasiyaya qarşı effektiv strategiyalar və informasiya döyüşlərinin qarşısının alınması yolları ətrafında geniş fikir mübadiləsi aparıldı. Müzakirələrdə iştirakçılar həm mövcud problemləri dilə gətirdilər, həm də yeni texnologiyaların yaratdığı fürsətləri bölüşdülər.
Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev üç saata yaxın müddətdə müxtəlif ölkələrdən olan jurnalistlərin suallarını dörd dildə – Azərbaycan, ingilis, rus və türk dillərində – cavablandırdı. Dövlət başçısı regional və beynəlxalq gündəmin ən mühüm məsələlərinə dair fikirlərini bölüşərək, Azərbaycanın mövqeyini aydın şəkildə ortaya qoydu.
Prezidentin çıxışı xüsusilə beynəlxalq media tərəfindən geniş işıqlandırıldı. Dünya KİV-ləri Prezident İlham Əliyevin Zəngəzur dəhlizinə dair bəyanatlarını, Ermənistanın baş naziri Nikol Paşinyanla Əbu-Dabidə baş tutan görüş barədə açıqlamalarını, sülh sazişinin paraflanması ehtimalına dair fikirlərini xüsusi diqqətlə izlədilər. Həmçinin, ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarına əsaslı cavablar, Ukraynalı jurnalistin sualına cavab olaraq səsləndirilən “heç vaxt işğalla barışmamaq” çağırışı, ABŞ Prezidenti ilə bağlı şərhlər və Rusiya tərəfindən vurulan Azərbaycan mülki təyyarəsi barədə bəyanatlar geniş rezonans doğurdu.
Bir nüansı da qeyd edək ki, Forumun məhz Xankəndi şəhərində – uzun illər münaqişənin mərkəzi olmuş bir ərazidə keçirilməsi də dərin simvolik məna daşıyır. Bu addım Azərbaycan tərəfindən həm daxili, həm də beynəlxalq ictimaiyyətə verilmiş aydın mesaj idi: Qarabağ artıq müharibə və qarşıdurma bölgəsi deyil, sülh, yenidənqurma, əməkdaşlıq və qlobal dialoq məkanına çevrilməkdədir. Xankəndidə beynəlxalq səviyyəli bir media forumunun keçirilməsi Azərbaycanın regionda yeni inkişaf mərhələsinə keçdiyini və bu istiqamətdə iradəli addımlar atdığını nümayiş etdirdi.
III Şuşa Qlobal Media Forumu göstərdi ki, XXI əsrdə bir ölkənin qüdrəti yalnız onun hərbi və iqtisadi imkanları ilə deyil, həm də informasiya məkanında tutduğu mövqe, yaydığı mesajların etibarlılığı və qurduğu dialoq platformaları ilə ölçülür. Azərbaycan, informasiya dövrünün çağırışlarına adekvat reaksiya verə bilən, müasir texnologiyaları mənimsəyən və qlobal media mühitində fəal iştirak edən dövlət kimi öz yerini daha da möhkəmləndirdi.

Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

👁 baxış