Azərbaycan üçün önəmli əməkdaşlıq platforması

2025-ci ilin ən önəmli beynəlxalq tədbirlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə Görüşü Azərbaycanın Xankəndi şəhərində keçirildi. Bu fakt təkcə diplomatik və iqtisadi baxımdan deyil, həm də geosiyasi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Qarabağın mərkəzi olan Xankəndidə ilk dəfə beynəlxalq səviyyəli zirvə görüşünün keçirilməsi ilə yadda qaldı və Azərbaycanın suveren hüquqlarının beynəlxalq müstəvidə tam şəkildə tanındığını bir daha təsdiqlədi. Zirvə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin etdiyi çıxış isə həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli mesajlarla zəngin oldu. Cənab İlham Əliyev çıxışına tədbirin məhz Xankəndidə keçirilməsinin rəmzi və tarixi əhəmiyyətini vurğulamaqla başladı. O bildirdi ki, bu gün Qarabağın mərkəzində, illər boyu erməni separatizminin məkanı olmuş Xankəndidə beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini nümayiş etdirir: “Bu gün biz Xankəndidə – suveren Azərbaycan torpağında toplaşaraq regionda yeni bir dövrün başlanğıcını elan edirik. Bu həm də İƏT-ə üzv ölkələrin Azərbaycana olan hörmətinin və həmrəyliyinin göstəricisidir”.
Məlumdur ki, Azərbaycan ECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfli formatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilat daxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunu və liderliyini bir daha nümayiş etdirdi. Xankəndidə keçirilən bu Zirvə Görüşü Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında sabitlik və inkişaf üçün vacib bir aktora çevrildiyini sübut etdi. Təkcə iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan Azərbaycanın rolu getdikcə güclənir. Prezident qeyd etdi ki, Azərbaycan bundan sonra da İƏT çərçivəsində regional və beynəlxalq əməkdaşlığa fəal dəstək verəcək və qarşılıqlı maraqlara əsaslanan layihələrə öncüllük edəcək. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü Azərbaycanın müasir tarixində və beynəlxalq diplomatiyasında mühüm mərhələ kimi yadda qaldı. Prezident İlham Əliyevin zirvə çıxışı həm daxili siyasətin, həm də xarici siyasətin strateji baxışını əks etdirən, müdrik və gələcəyə yönəlik bir yol xəritəsi oldu. Bu çıxış və ümumilikdə tədbir göstərdi ki, Azərbaycan həm öz milli maraqlarını qorumaqda, həm də regional əməkdaşlığı təşviq etməkdə uğurlu və prinsipial siyasət yürüdür. Azərbaycanın siyasi iradəsi və liderliyi regionda sabitlik, tərəqqi və əməkdaşlıq üçün etibarlı zəmin yaradır.

Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 baxış