Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir

Bu gün Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə ardıcıl şəkildə nail olaraq, regionun əsas aparıcı aktorlarından birinə çevrilib. Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayan ölkəmiz, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminində də etibarlı tərəfdaş kimi tanınır. Müstəqil daxili və xarici siyasət kursu, regional təşəbbüsləri, sülh və əməkdaşlığa verdiyi töhfələr sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanı Şərq-Qərb əməkdaşlığının əsas qovşaqlarından birinə çevirib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri təkcə Azərbaycanın deyil, bütün regionun sabitliyi, inkişafı və rifahı üçün strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanla bir sıra dost ölkələr, xüsusilə də qardaş Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan ilə münasibətlərin daha da dərinləşməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri, şübhəsiz ki, strateji və tarixi əhəmiyyətə malikdir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır. Beləliklə, bu səfər yalnız diplomatik mərasim deyil, iqtisadi reallıqlar üzərində qurulmuş, institusional dayanıqlığa əsaslanan və strateji baxışla irəliləyən bir tərəfdaşlıq modelinin əsasını qoyur. Azərbaycan və Özbəkistan arasında formalaşan bu yeni format Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və qarşılıqlı asılılığın dərinləşməsi baxımından regional geoiqtisadi strukturun yenidən qurulmasına töhfə verə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında qeyd edib ki, “bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”.
Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Son illərdə Azərbaycan–Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir. Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Bu münasibətlər xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək.

Babək Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 baxış