Mingəçevir Azərbaycanın iqtisadi gücünün və siyasi iradəsinin simvoludur

24 iyun 2025-ci il tarixində Prezident İlham Əliyev Mingəçevirdə yerləşən və ölkənin enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyan “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Bu mühüm layihənin təqdimatı zamanı dövlət başçısı Azərbaycanın energetika sahəsində qazandığı uğurlar, Mingəçevirin strateji rolu və yeni stansiyanın milli inkişaf strategiyasında tutduğu mövqe barədə əhatəli çıxış edib. O bildirib ki, bu stansiya ölkənin artan daxili tələbatını ödəməklə yanaşı, ixrac imkanlarını da genişləndirəcəkdir.

Qeyd edək ki, Mingəçevir ötən əsrin ortalarından etibarən Azərbaycanın enerji mərkəzinə çevrilmiş, bu sahədə formalaşmış infrastruktur və peşəkar potensialla regionun aparıcı elektrik istehsal məntəqəsi olmuşdur. Cənubi Qafqazın bu günə qədər fəaliyyət göstərən ən böyük istilik elektrik stansiyası da məhz burada yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasıdır. 2 400 meqavat gücə malik bu nəhəng enerji mənbəyi 1981-ci ildə – ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə  istifadəyə verilmiş və qısa müddətdə SSRİ miqyasında ən iri enerji layihələrindən birinə çevrilmişdir. O dövrdə Heydər Əliyev tərəfindən verilən qərarlar və irəli sürülən təşəbbüslər nəticəsində Mingəçevir regionunun enerji potensialı təkcə ölkə üçün deyil, bütövlükdə Qafqaz regionu üçün strateji əhəmiyyət kəsb etmişdir.

Elə bu səbəbdəndir ki, 44 günlük Vətən müharibəsi zamanı Mingəçevir Ermənistanın birbaşa raket hücumlarına məruz qalmış, bu şəhər Azərbaycan enerji sisteminin sinir mərkəzi kimi düşmən tərəfindən hərbi hədəfə çevrilmişdi. Ermənistanın bu istiqamətdə atdığı raketlər nəticəsində Mingəçevirin enerji obyektləri ciddi təhlükə ilə üz-üzə qalsa da, Azərbaycanın güclü hava hücumundan müdafiə sistemləri və yüksək hazırlıqlı personalı sayəsində bu hücumların qarşısı uğurla alınmışdır. Prezident İlham Əliyev çıxışında bu məqamı xatırladaraq bildirdi ki, bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyəti var.

Yeni istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyasının ərsəyə gəlməsində beynəlxalq əməkdaşlıq da mühüm rol oynayıb. Layihənin əsas texnoloji təchizatçılarından biri İtaliyanın “Ansaldo Energia” şirkəti olmuş, dörd ədəd müasir qaz turbininin quraşdırılması məhz bu şirkət tərəfindən həyata keçirilmişdir. Bu turbinlərin mühüm xüsusiyyətlərindən biri onların yalnız təbii qazla deyil, eyni zamanda 40 faizə qədər hidrogen qarışığı ilə də işləmək imkanına malik olmasıdır. Bu texnoloji üstünlük stansiyanın ekoloji cəhətdən daha təhlükəsiz və “yaşıl enerji” konsepsiyasına uyğun fəaliyyət göstərməsinə şərait yaradır. Eyni zamanda, Çinin “Dongfang Electric International Corporation” şirkəti layihəyə buxar generatorlarının və digər mühüm avadanlıqların təchizatı ilə töhfə verib. Hər iki ölkə ilə əməkdaşlıq çərçivəsində texnologiya transferi, bilik və təcrübə mübadiləsi həyata keçirilmiş, bu isə Azərbaycanın mühəndislik və istehsalat imkanlarını daha da inkişaf etdirmişdir.

Beləliklə, “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu layihə təkcə ölkənin enerji tələbatını qarşılamaqla kifayətlənmir, eyni zamanda Azərbaycanın regional enerji ixracçısı kimi mövqeyini möhkəmləndirir. Yekun olaraq, Mingəçevir bir daha sübut etdi ki, o, təkcə elektrik istehsal edən şəhər deyil, Azərbaycanın iqtisadi gücünün və siyasi iradəsinin simvoludur.

Emin Süleymanov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

Rayon təsərrüfatı şöbəsinin əməkdaşı

👁 baxış