Güclü orduya sahib olmaq isə müstəqil Azərbaycanın ən böyük uğurlarından biridir

Müstəqil dövlətin ən vacib sütunlarından biri güclü və mütəşəkkil ordudur. Azərbaycan Respublikasının ordu quruculuğu prosesi 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra başlanmış və bu istiqamətdə mühüm addımlar atılmışdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ordu ənənələri üzərində formalaşan Silahlı Qüvvələrimiz bu gün regionun ən güclü ordularından biri hesab olunur.

Azərbaycan Respublikasının müstəqillik illərində ən taleyüklü məsələlərdən biri güclü və mütəşəkkil ordunun qurulması olmuşdur. 1990-cı illərin əvvəllərində ölkədə siyasi sabitliyin olmaması, vətəndaş qarşıdurmaları və Ermənistanın hərbi təcavüzü Azərbaycanın hərbi sahədə ciddi problemlərlə üzləşməsinə səbəb olmuşdu. Bu dövrdə Silahlı Qüvvələr bir neçə fərqli dəstə və komandir qruplarının idarəsində idi, orduda vahid komandanlıq və nizami sistem yox idi. Məhz belə bir həssas tarixi mərhələdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyi ilə yanaşı ordu quruculuğunun da dönüş nöqtəsi oldu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə siyasi sabitlik yaradılmasına və dövlətin əsas sütunlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirdi.

Bu kontekstdə milli ordunun yaradılması və möhkəmləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə Azərbaycan Ordusunda peşəkar zabit heyətinin formalaşdırılması, vahid komandanlıq strukturunun yaradılması, nizam-intizamın bərqərar olunması və hərbi hissələrin yenidən təşkili istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev ordu quruculuğuna yalnız hərbi deyil, eyni zamanda siyasi və ideoloji məsələ kimi yanaşırdı. O, dəfələrlə vurğulayırdı ki, dövlətin müstəqilliyinin əsas təminatçısı güclü ordudur. Bu prinsiplə 1994-cü ildən etibarən hərbi təhsil sisteminin təkmilləşdirilməsi üçün xarici ölkələrlə, xüsusilə də Türkiyə ilə əməkdaşlığa başlanıldı. Azərbaycan gənclərinin hərbi akademiyalarda təhsil alması üçün imkanlar yaradıldı. Bundan əlavə, Ulu Öndərin rəhbərliyi ilə Müdafiə Nazirliyinin fəaliyyəti təkmilləşdirildi, Silahlı Qüvvələrə yeni texnika və silahlar alınmağa başlandı. Orduda vahid tabeçilik və idarəetmə sistemi quruldu. Əsgərlərin və zabitlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirildi. Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü siyasət nəticəsində 1990-cı illərin sonlarına doğru Azərbaycan Ordusu artıq müdafiə qabiliyyətli, milli maraqları qorumağa qadir, peşəkar və döyüşə hazır bir güc strukturu kimi formalaşmağa başladı. Onun təməlini qoyduğu bu ordu sonrakı illərdə – xüsusilə də 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz gücünü və qələbəyə qadir olduğunu nümayiş etdirdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin ən bariz və tarixi nəticəsi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə işğal altındakı torpaqları azad edərək tarixi ədaləti bərpa etdi. Bu, sadəcə hərbi qələbə deyil, həm də uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü və strateji ordubina quruculuğunun məntiqi nəticəsi idi. Cənab Prezidentin “Dəmir yumruq” ifadəsi Azərbaycan xalqının birliyi, iradəsi və ordunun gücünün simvoluna çevrildi. Postmüharibə dövründə də ordu quruculuğu davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində yeni hərbi hissələrin tikilməsi, ərazilərdə təhlükəsizliyin təmin olunması və sərhəd xəttindəki hərbi mövqelərin möhkəmləndirilməsi cənab Prezident İlham Əliyevin strateji baxışının davamı kimi dəyərləndirilir.

26 İyun – Silahlı Qüvvələr Günü bu gün daha böyük fəxarətlə qeyd olunur. Çünki artıq bu bayram qalib Ordunun, qalib xalqın bayramıdır. 44 günlük müharibədə qazanılan tarixi Qələbə, Azərbaycan Ordusunun gücünü və dövlətin strateji əzmini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər həm də gələcək nəsillər üçün qəhrəmanlıq və milli birlik nümunəsi olaraq qalacaq. Qalib orduya sahib olmaq isə müstəqil Azərbaycanın ən böyük uğurlarından biridir.

Rüfət Əhmədov,

Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 

👁 baxış