Müstəqilliyimizin əbədi nəfəsi

Tarixin elə günləri var ki, zaman keçdikcə həmin günlərin əzəməti və mənası daha da dərinləşir, xalqın yaddaşında silinməz izlər buraxır. 28 May 1918-ci il – məhz belə tarixi günlərdən biridir. Həmin gün Azərbaycan xalqı öz müqəddəratını özü müəyyən edərək Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu, təkcə yeni bir dövlətin yaranması deyil, əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparmış bir millətin tarix səhnəsinə qürurla qayıdışı idi. Məhz həmin gün Şərqdə ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi əsaslar üzərində qurulan bir dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin adı dünyanın siyasi xəritəsinə qızıl hərflərlə həkk olundu.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyin təməllərini qoydu: milli ordu quruldu, ilk parlament təsis olundu, təhsil və məhkəmə sistemi formalaşdı, qadınlara seçki hüququ verildi – bu, hətta Avropanın bir çox ölkələrində hələ mümkün olmayan bir hüquq idi. Bu qısa, amma şərəfli dövr göstərdi ki, Azərbaycan xalqı azad yaşamağa, öz dövlətini qurub idarə etməyə qadirdir.
Təəssüf ki, bu azadlıq uzun sürmədi. 1920-ci ildə bolşevik işğalı ilə xalq yenidən əsarət altına düşdü. Amma Azərbaycan xalqının istiqlal ideyası sönmədi. Bu amal illərlə qorundu, nəsildən-nəslə ötürüldü və nəhayət, 1991-ci ildə Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdi. Lakin 1990-cı illərin əvvəllərində ölkə ağır böhranla üz-üzə qaldı. Daxili çəkişmələr, idarəolunmazlıq, torpaq itkisi və iqtisadi tənəzzül gənc müstəqil dövləti məhvə aparırdı. Xalqın gələcək ümidi sönmək üzrə idi. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı xilaskarına üz tutdu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, onun siyasi, iqtisadi və sosial əsaslarının möhkəmləndirilməsinə imkan yaratdı.
Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik sütunlarını qurdu. Onun qətiyyətli siyasəti nəticəsində ölkədə sabitlik bərqərar oldu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ordu quruculuğuna başlanıldı və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu sürətlə artmağa başladı. “Mən müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram” deyən Ulu Öndər bu sərvəti qorumağın yolunu göstərdi və gələcək inkişaf strategiyasını müəyyənləşdirdi.
Bu gün həmin strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun liderliyi altında Azərbaycan daha da möhkəmləndi, regionun aparıcı dövlətinə çevrildi, enerji və nəqliyyat layihələri ilə qlobal əhəmiyyət qazandı. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, hərbi və siyasi baxımdan da gücləndi. Və bu güc özünün ən parlaq ifadəsini 2020-ci ildə – 44 günlük Vətən müharibəsində tapdı. İlham Əliyevin qətiyyəti, Ali Baş Komandan kimi uzaqgörənliyi və Silahlı Qüvvələrimizin şücaəti nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqları azad etdi. Qarabağda üçrəngli bayrağımız yenidən dalğalandı.  2023-cü ildə isə suverenliyimiz tam bərpa olundu. Bu, təkcə torpaq zəfəri deyildi, həm də 1918-ci ildən bəri davam edən milli iradənin, birlik və əzmin təntənəsi idi.
Beləliklə, bu gün 28 May – Müstəqillik Günü sadəcə tarixə hörmət günü deyil, bu gün həm də milli kimliyimizin, azadlıq eşqimizin və gələcək nəsillərə olan məsuliyyətimizin rəmzidir. Müstəqillik bizə şəhidlərin qanı, milyonlarla vətəndaşımızın əzmi və fədakarlığı bahasına başa gəlib. Bu gün biz azad nəfəs alır, üçrəngli bayrağımız altında qürurla yaşayırıqsa, bu, təkcə keçmişin deyil, bu günün və gələcəyin də məsuliyyətini çiyinlərimizə qoyur. Bu müqəddəs neməti – müstəqilliyimizi qorumaq, onu inkişaf etdirmək, daha güclü Azərbaycan uğrunda var gücümüzlə çalışmaq bu torpağın hər bir övladının ən ali vətəndaşlıq borcudur.
Yaşasın Azərbaycan! Yaşasın müstəqilliyimiz!

Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

👁 baxış