Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Xalqlarımız arasında olan tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 12-ci əsrdə yazdığı əsərlərdə də öz əksini tapıb. Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.
Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib.İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı qeyd edib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığa, strateji tərəfdaşlığa əsaslanan münasibətlər regional sabitlik və tərəqqiyə xidmət edir. Azərbaycanın malik olduğu multiregional xarici siyasət kursunda müxtəlif inkişaf səviyyəsinə malik olan dövlətlərlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olması ölkəmizin böyük üstünlüyüdür. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu əlaqələr dövlətlərin böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq, qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında inkişaf etdirilir. Azərbaycan-Çin münasibətləri buna yaxşı nümunədir. Coğrafiyanın genişliyi, əhali sayı, iqtisadiyyatın həcmi və bir sıra digər parametrlər baxımından Azərbaycanla Çin arasında paralellər aparmaq, bəlkə də, uyğun görünməzdi. Əksər seqmentlər üzrə Çinin göstəriciləri Azərbaycanınkından qat-qat böyükdür. Lakin bu fərq heç də iki ölkə arasındakı münasibətlərdə ayırıcı xətlər formalaşması üçün əsas olmayıb. Məmnunluq doğuran haldır ki, bu gün Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. Bu da ilk növbədə onunla bağlıdır ki, hər iki dövlət və liderlər münasibətlərin inkişafı və genişlənməsi üçün ortaq siyasi iradə göstərirlər. Həmçinin qarşılıqlı maraqlar ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına yüksək impuls verir.
Vüsal Abbaslı,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
