Azərbaycan-Çin münasibətlərinin inkişafı və gələcək perspektivləri

2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu Sinxua xəbər agentliyinə məxsusi müsahibə verib. Müsahibə zamanı Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq, ötən il Astanada imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamə, ticarət əlaqələri və “Kəmər və yol” təşəbbüsü kimi mühüm mövzulara toxunulub. Dövlət başçısı iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci il aprelin 2-də qurulmasından bəri bu əlaqələrin səmərəli nəticələr verdiyini xüsusi vurğulayıb.

Tarixə nəzər saldıqda aydın olur ki, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında münasibətlər ötən onilliklər ərzində davamlı və dinamik inkişaf yolu keçib. İkitərəfli əlaqələr qarşılıqlı etimada, hörmətə və faydalı əməkdaşlığa əsaslanaraq zamanla daha da möhkəmlənib. Əvvəllər əsasən diplomatik və siyasi müstəvidə formalaşan münasibətlər zaman keçdikcə iqtisadi, ticarət və humanitar sahələri də əhatə etməyə başlamışdır. Çin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Azərbaycan isə öz növbəsində “Vahid Çin” siyasətinə sadiqliyini qəti şəkildə ifadə edir. Bu qarşılıqlı anlayış və prinsipial mövqelər iki ölkə arasında münasibətlərin etibarlı təməlini təşkil edir.

2000-ci illərin ortalarından etibarən isə iqtisadi əməkdaşlıq daha geniş vüsət almış və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilmişdir. Hökumətlərarası komissiyaların fəaliyyəti, yüksək səviyyəli səfərlər, imzalanan razılaşmalar və əməkdaşlıq sənədləri münasibətlərin institusional əsaslarını gücləndirmişdir.

Əməkdaşlığın yeni mərhələsi 2024-cü ilin iyul ayında Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə rəsmiləşdirilmişdir. Bu sənəd münasibətlərin daha yüksək səviyyəyə çatdığını təsdiqləməklə yanaşı, gələcək üçün prioritet istiqamətləri də müəyyən etmişdir. Burada qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi əsas hədəflər kimi qeyd olunub. Həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələsi vurğulanıb.

Azərbaycan-Çin münasibətlərində mühüm rol oynayan təşəbbüslərdən biri də “Kəmər və Yol” layihəsidir. Çin tərəfindən irəli sürülmüş bu təşəbbüs Azərbaycanın da strateji maraqlarına uyğun gəlir. Layihə qədim İpək Yolunun müasir formatda bərpasına yönəlmiş və Avrasiya məkanında nəqliyyat-logistika bağlantılarının gücləndirilməsini hədəfləyir. Azərbaycanın əlverişli coğrafi mövqeyi onu bu layihənin əsas iştirakçılarından birinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri infrastruktur layihələri ölkəmizi regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir.

Bu əməkdaşlıq Asiya ilə Avropa arasında yük daşımalarının effektiv həyata keçirilməsinə və Azərbaycanın tranzit imkanlarının daha geniş miqyasda reallaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev bu layihəyə ölkəmizin verdiyi töhfəni belə ifadə etmişdir: “Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir”.

Nəticə etibarilə, Azərbaycan-Çin münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regional və qlobal səviyyədə strateji əhəmiyyət daşıyır. Birgə Bəyannamə və “Kəmər və Yol” təşəbbüsündəki fəal iştirak bu əlaqələrin davamlı inkişafını təmin edən əsas sütunlardandır. İki ölkə arasında tərəfdaşlıq qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli perspektivlərə əsaslanaraq getdikcə daha da möhkəmlənir.

Vəfa Hüseynova

Pirallahı RİH başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi

 

 

👁 baxış