Ölkəmiz regionda nəhəng enerji layihələrinin müəllifi və fəal iştirakçısıdır

Müasir dövrdə enerji təhlükəsizliyi və dayanıqlı enerji mənbələrinə keçid məsələləri qlobal gündəmin əsas prioritetlərindən birinə çevrilmişdir.Bu kontekstdə Azərbaycanın geostrateji mövqeyi və enerji resursları, xüsusilə də Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi rolu daha da aktuallaşır. Cari ilin 4 aprel tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası enerji əməkdaşlığının gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda ölkəmiz regionda nəhəng enerji layihələrinin müəllifi və fəal iştirakçısıdır. Respublikamızın  təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Xatırladaq ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı yalnız regionun deyil, o cümlədən Avropanın enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və transsərhəd əməkdaşlıq istiqamətlərindəki strateji baxışını və ölkənin prioritetlərini nümayiş etdirmişdir. Dövlət başçısının vurğuladığı məqamlar, bir tərəfdən Azərbaycanın mövcud qaz infrastrukturunun inkişafı və genişləndirilməsi istiqamətindəki konkret addımlarını ortaya qoyarkən, digər tərəfdən bərpaolunan enerji sahəsində reallaşdırılan layihələrə və qarşıya qoyulan hədəflərə dair aydın mesajlar vermişdir.

Sözügedən  layihə Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi möhkəmlənməsinə şərait yaradıb. Bununla yanaşı, Azərbaycan “yaşıl enerji” sektorunda da iddialı hədəflər müəyyən edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. “Yaşıl enerji” mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modelidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının nazirlər səviyyəsində keçirilmiş iclasında etdiyi çıxış, ölkəmizin enerji siyasətinin strateji əsaslarını və gələcəyə yönəlmiş baxışını bir daha nümayiş etdirmişdir. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də yaşıl keçid prosesinin sürətləndirilməsi istiqamətində vurğulanan əsas mesajlar təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyır.

Emin Süleymanov,

Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 baxış