Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra digər milli adət -ənənələrimiz kimi, Novruz bayramı da xalqın xüsusi sevgisi və ehtiramı səviyyəsində qeyd edilirdi. Hələ Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Novruzun milli taleyimizdəki yerini, milli dirçəlişimizdəki rolunu dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Ümummilli lider Heydər Əliyevin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri, bayram şənliklərində iştirakı Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu. Qürurla qeyd etməliyik ki, məhz Ulu Öndərin sayəsində xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Dahi siyasətçi əmin idi ki, xalqımızın həyatı gündən-günə yaxşılaşacaq, Azərbaycan yüksələcək və respublikamızın hər bir sakini rahat və xoşbəxt yaşayacaqdır.
Heydər Əliyevin xalqımızın tərəqqisinə xidmət edən ölməz ideyaları bu gün də bizimlədir, onlar bizi daha güclü və həmrəy olmağa səsləyir. Azərbaycan xalqının dünya siyasətinə bəxş etdiyi qüdrətli şəxsiyyət Heydər Əliyev qətiyyət və uzaqgörənliklə bəyan edirdi ki, zaman gələcək Novruz bayramını Şuşada, Laçında və işğal olunmuş digər tarixi yurd yerlərimizdə qeyd edəcəyik. Bu gün xalqımız Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Çünki xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Məhz bu möhtəşəm Qələbəyə görə xalqımız Novruz bayramını qəhrəman və qalib xalq kimi qeyd edir. 2021-ci ildə 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə Qarabağda-Şuşada bayram tonqalını alovlandıran Azərbaycan Prezidenti xalqa müraciətində belə demişdi: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”. Novruz bayramının Qarabağda keçirilməsi artıq ənənə halını alıb.
Bu gün Azərbaycan dövləti güclü və yenilməzdir, ölkə vətəndaşları azad və xoşbəxtdirlər. Qoy, qəlbimizdən Vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın.
Novruz bayramınız mübarək olsun!
Rüfət Əhmədov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı
və təhlil sektorunun müdiri
👁 baxış
