Novruz xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən qədim el bayramıdır

Novruz xalqımızın milli bayramıdır. Novruz adətləri, Novruz etiketləri xalqımızın saf niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi-mənəvi keyfiyyətlərinin təcəssümüdür. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəsilə – Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yenilənən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışından sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayır. İsti ölkələrdən ölkəmizə qayıdan quşların civiltisi ətrafı bürüyür, min rəngli, min ətirli gül- çiçək çöllərimizi-bağlarımızı bəzəyir. Elin-obanın, hamının şənliyinə dönən Novruz bayramı ölkəmizin hər yerində böyük sevinc ilə qarşılanır. Hər bir ailə, hər məhəllə səbirsizliklə yolunu gözlədiyi bu bayramı keçən bayramdan daha gözəl keçirməyə sanki rəqabət aparırlar. Bayrama hazırlıq işləri isə daha çox əvvəllərdən başlayır: həyət-baca səhmana salınır, evlərdə təmizlik işləri aparılır, çöllərdə əkin –şum işlərinə başlanılır.

Sovet İttifaqı dövründə Novruz bayramına rəsmi münasibət birmənalı olmamışdır. Bu bayramın dini və milli xarakter daşıdığı üçün onun geniş qeyd olunmasına maneələr yaradılmışdı. Xüsusilə, 1930-cu illərdə bayramın keçirilməsinə ciddi məhdudiyyətlər qoyulmuş, lakin xalq bu ənənəni qoruyub saxlamağa nail olmuşdur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda milli dəyərlərin qorunmasına və inkişafına yeni bir nəfəs gəldi. 1970-ci illərdə Novruz bayramı qeyri-rəsmi şəkildə geniş qeyd olunmağa başladı. Heydər Əliyev xalqın milli bayramlarına və adət-ənənələrinə böyük önəm verirdi və bu istiqamətdə müəyyən addımlar ataraq bayramın Azərbaycanda unudulmasına imkan vermədi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başladı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Novruzun qeyd edilməsi daha da geniş vüsət aldı. Ümummilli lider bu bayramın milli kimliyimizin və mədəni irsimizin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, onu daha təntənəli və dövlət tədbirləri səviyyəsinə qaldırdı. Heydər Əliyev hər il Novruz bayramında xalqla birlikdə olur, çıxışlarında bu bayramın tarixi və əhəmiyyəti barədə fikirlərini bildirirdi. O, Azərbaycanın bütün bölgələrində Novruz şənliklərinin təşkil olunmasına şərait yaradaraq, xalqın milli dəyərlərinə sahib çıxmasına böyük töhfə vermişdir. Bu gün də Novruz bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Artıq doğma torpaqlarımızda Baharın gəlişi öz doğma insanları ilə torpağı canlandırır. Uca Tanrıya çox şükürlər olsun ki, bu gün bayram tonqallarımız Şuşada, Xocalıda, Xankəndində, Laçında, Kəlbəcərdə alovlanır.

  Elzamin Həsənov,

 Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru

👁 baxış