Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub

Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub. Afrika dövlətləri də Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət verirlər. Elə bu səbəbdən Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Şübhəsiz, ölkəmizin Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi Afrika ölkələri ilə əməkdaşlığımıza yeni təkan verib. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və onlarla əlaqələrinin inkişafına böyük səylər göstərib.

Bəli, bu gün Afrika dövlətləri Azərbaycana daha çox yaxınlaşmaqdadır. Bunun əsas səbəblərindən biri ölkəmizin heç bir gizli geosiyasi gündəliyinin olmaması və həmin ölkələrə səmimi əməkdaşlıq təklif etməsidir. Bu amil Afrika dövlətlərində Azərbaycana qarşı böyük simpatiya yaradıb. Hazırda bu dövlətlər öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm aktorlara çevrilmək məqsədilə Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsindən, xüsusilə enerji resursları modelindən yararlanmaq niyyətindədirlər. Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Şübhəsiz, Somali Prezidenti Hasan Şeyx Mahmudun 11-12 fevral tarixində Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Yeri gəlmişkən qeyd edək ki, fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında (yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahələri ilə əlaqədar) imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev  bu səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq”. Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir” deyən Somali Prezidenti Hasan Şeyx Mahmud çox məhsuldar keçən görüşü Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı kimi dəyərləndirib.  İmzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır: “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq.

Qeyd edək ki, Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Xatırladaq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub.

Sailə Salahzadə,

YAP Pirallahı rayon Təşkilatının fəalı

 

👁 baxış