Xalqımızın öz hüquqları uğrunda ayağa qalxmasından və ermənilərin Qarabağda başlatdıqları işğalçı planlara qarşı etiraz səsini ucaltmasından təşvişə düşən SSRİ rəhbərliyi 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanda müdhiş cinayətə əl atdı. Həmin gün Bakıda və respublikamızın regionlarında həyata keçirilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutuldu, xalqımıza qarşı qətliam həyata keçirildi. Sovet ordusunun bölmələri tərəfindən 147 nəfər öldürüldü, 744 nəfər yaralandı.
Əslində 20 Yanvara aparan yolun 1988-c ildən başlandığı aşkar görünür. Keçmiş imperiya rəhbərliyinin-şəxsən əlləri xalqımızın qanına batmış Mixail Qarbaçovun bilavasitə xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarı ilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə əlavə impulslar verdi. Xalqımız ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Güclü meydan hərəkatı başladı.
Bütün ömrü boyu xalqın yanında olan ümummilli liderimiz Heydər Əliyev isə belə ağır vəziyyətdə ailəsi ilə birgə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sərt bəyanatla çıxış etdi. Xalqımıza qarşı repressiyaya əl atmış Kremlin bir addımlığında kifayət qədər aydın, cəsarətli mövqe ortaya qoyan ümummilli liderimiz Azərbaycanının üzləşdiyi informasiya blokadasının aradan qaldırılması, real həqiqətlərin Dünya ictimaiyyətina çatdırılması üçün tarixi addım atdı. Ümummilli liderimizin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqa mənəvi dəstək oldu. Bununla da Heydər Əliyev hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirdi.
Artıq 35 ildir ki, 1990-ci ilin 20 Yanvar gününü bir qayda olaraq kədər, hüzn, matəm kimi qeyd edirik. Şəhidlərimizin ruhunu ağrı və sızıltı ilə anırıq. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar həm də xalqımızın fəxarət və şərəf günüdür. O qanlı gecədə Qaziliyə, şəhidliyə əbədi hazır olduğumuzu bir daha sübut etmişik. Xalqımız həmin gün öz milli kimliyini sübut edərək keçmiş rejimə sarsıdıcı zərbə vurmuşdur. Bu hadisə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı istiqlala layiqdir və bu yolda ən çətin sınaqlara, məhrumiyyətlərə mətinliklə sinə gərmək əzmindədir. 20 Yanvar kədəri neçə illər ötsə də, bizi heç vaxt tərk etməyəcək, çünki o gecə ən layiqli övladlarımızı itirmişik. Ancaq bir təsəllimiz də var: Azadlıq mücahidlərinin axıtdıqları qanlar hədər getməyib, bu qanlar göyərib bizi azadlığa qovuşdurub. O qanlı gecədə şəhid olanlar hər bir azərbaycanlının qəlbində əbədi heykələ dönüblər
Artıq bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Bu qələbə onu göstərdi ki, vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olan hər bir soydaşımızın qanı yerdə qalmadı.
Supay Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri
👁 baxış
