XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır.
Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
Bu gün 35 ili arxada qoyan Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
Xalqların tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də bu faciəni törədənlərə başçılıq edənlərin kimliyi bəlli oldu.
1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbçiləri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyaları ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdıldı. Bu olanlar süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması siyasətinin yeni şəraitdə davamı idi.20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Əli Kərimov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri
👁 baxış
