25 Dekabr 2024-cü il.
Tariximizə növbəti dəfə yazılan kədər və qürur tarixi. Unudulmaz qəhrəmanların yazdığı unudulmaz bir gün.
Bəli, həmin gün kədərlidir. Çünki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanda qəzaya uğradı. Nəticədə 38 sərnişin həlak oldu. Həlak olanlar arasında təyyarənin ekipaj üzvləri, o cümlədən hər iki pilotun da olduğunu qeyd etmək mütləqdir. Hadisəni qürur səhifəmizə çevirənlər də məhz qəhrəman ekipaj üzvlərimizdir: gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov, stüardessa Hökümə Əliyeva, təyyarə bələdçisi Zülfüqar Əsədov və Aydan Rəhimli. Bəli, onlar sözün əsl mənasında qəhrəmandırlar. Bunu tək Azərbaycan xalqı yox, bütün dünya etiraf edir. Çünki, bu cür bir qəzadan demək olar ki, yarı-yarıya sağ qalan sərnişinlərin olması, həqiqətən möcüzədir. Təyyarə qəzalarında müşahidə olunan ən ümumi vəziyyət, bütün sərnişinlərin həlak olmasıdır. Təəssüf ki, bunu qısa müddət ərzində bir daha gördük. Belə ki, 29 dekabr tarixində Cənubi Koreyada “Boeing 737” təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 179 nəfər, demək olar ki, bütün sərnişinlər və ekipaj üzvləri həyatını itirib. Bu fakt bir daha göstərir ki, bizim pilotlarımız və digər ekipaj üzvləri əsl qəhrəmanlardır. Onların qəhrəmanlığı Azərbaycan xalqı və dövlət başçımız tərəfindən də yüksək qiymətləndirilir. Ötən gün dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevaya Azərbaycanın Milli Qəhrəmanı adı, ekipajın sağ qalmış üzvləri, təyyarə bələdçisi Zülfüqar Əsədov və Aydan Rəhimliyə isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar. Onlara Azərbaycan xalqının təltifi isə əbədi hörmət və sevgidir. Onların dəfnində və xatirələrinin yad edilməsi mərasimində xalqımızın bu sevgisi açıq şəkildə özünü göstərdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edərək, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibə verərək hadisənin təfərrüatları, təyyarə ekipajının fəaliyyəti, Qazaxıstan hökumətinin dost, qardaş mövqeyi və hadisəni törədənlərdən gözləntilər və tələblər barədə çox vacib fikirlər söylədi. Şübhə yoxdur ki, bu fikirlər daxili və xarici auditoriyada böyük maraq və diqqətə səbəb olacaqdır.
İlk növbədə, dövlətimizin başçısı təyyarə ekipajının qəhrəmanlıq və peşəkarlığını yüksək qiymətləndirdi. O, pilotların, sərnişinləri xilas etmək məqsədilə böyük qəhrəmanlıq göstərdiklərini və təyyarənin zədələnmiş vəziyyətində belə, bir çox insanın həyatını xilas etdiklərini qeyd etdi. O da vurğulandı ki, ekipaj üzvlərinin göstərdiyi fədakarlıq Azərbaycanın dövləti tərəfindən qiymətləndiriləcəkdir. Yuxarıda bu barədə ətraflı şəkildə qeyd etdik. Azərbaycan Prezidentinin nitqində növbəti diqqət çəkən başlıq isə, hadisəni törədənlərdən, daha dəqiq Rusiyadan gözləntilər barədə idi. Tələblər arasında Rusiya tərəfindən üzr istənilməsi, günahkarların cəzalandırılması və Azərbaycan dövlətinə təzminat ödənilməsi yer alır. Qeyd edək ki, artıq ilk tələb yerinə yetirilib. Belə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək hadisə ilə bağlı üzr istəyib. Yəqin etmək olar ki, digər tələblər də ən qısa müddətdə yerinə yetiriləcəkdir.
Beləliklə, bu müsahibə ilə Prezident İlham Əliyev hadisə ilə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. O, bu məsələnin ədalətli şəkildə həll olunmasına olan ehtiyacı vurğuladı. Azərbaycan dövləti, həm sərnişinlərin, həm də ekipajın hüquqlarını qorumaq və bu faciənin bütün tərəfləri ilə əlaqədar tam şəffaflıq təmin etmək məqsədilə hərtərəfli bir iş aparır. Hadisə ilə bağlı sonrakı araşdırmaların nəticələri və Rusiya ilə Azərbaycan arasındakı diplomatik münasibətlər, məsələnin həlli üçün vacib mərhələlərdən olacaqdır.
Xəyalə Cavanşirli,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
👁 baxış
