“İllərdir Azərbaycanda və bir sıra ölkələrdə cəmiyyətin bəyəndiyi tip övlad böyütmək modeli var. Biz övladımızı travmasız, xoşbəxt deyil, cəmiyyətin necə övladı bəyənirsə, o cür övlad böyütməyi seçirik. Bunun da sırasında əgər övlad yaxşıdırsa, o, ali məktəbə qəbul olmalıdır, hələ üstəlik 500-dən yüksək bal da toplamalıdır. Bu, artıq bir tendensiya halını alıb”
Bunu Məcra.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq ali məktəbə qəbul ola bilməyən gənclərimizin təzyiqə məruz qalmasından da danışıb:
“Valideynlər son üç ili, yəni 9-10-11-ci sinifdə uşaqları hətta əyləncədən, yaşamaqdan, hobbilərdən, idmandan məhrum edib yalnız hazırlıq, testlə məşğul olmaq və ev şəraitində yaşadırlar. Meyarları adətən universitetə daxil olmaqdır. Uşağın arzusu, istəyi nədir, özünü harda görür deyil, sadəcə əsas odur ki, uşaq yüksək balla ali məktəbə qəbul olsun.
Son dövrlərdə hazırlanan uşaqların özgüvəninə, həyəcanlı tip olub-olmamasına, diqqət əskikliyinə baxılmır və nəticədə uşaq imtahanda az bal toplayır. Valideyn də şüuraltı bunları deyir ki, sən universitetə qəbul olmasan, elə bil mən öldüm, məhv oldum və sair. Uşaq da alt şüurda buna inandığı üçün intihara cəhd edir, ya da hansısa proses olur və sonu faciəylə bitir. Bu gün valideyn qurmalı olduğu ən doğru cümlə budur ki, “universitet çox şeydir, amma universitet hər şey deyil. Daxil olmağın mənim üçün çox önəmlidir, amma universitetə daxil olsan da, olmasan da mənim istəkli övladımsan”. Yəni bu özgüvəni imtahan ərəfəsində uşağa demək lazımdır. Bunu deməyən valideynlər geridə olurlar”.
Məcra.az