Prezident İlham Əliyevin çıxışı: Qazaxıstanın dəstəyi və Azərbaycan pilotlarının şücaəti

Cənab Prezident İlham Əliyev 29 dekabr 2024-cü il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə vermişdir. Bu müsahibədə əsas olaraq ölkəmizin üzləşdiyi son hadisələr və dövlətin bu məsələlərə olan reaksiyasına toxunulmuşdur. Ölkə başçımız çıxışında qəzanın baş verməsini, səbəblərin araşdırılmasını və bu prosesin gedişi, Qazaxıstanın göstərdiyi dəstəyi, eləcə də pilotların peşəkarlığı haqqında məqamları qeyd etmişdir. Cənab Prezident hadisə barədə məlumat aldıqdan dərhal sonra Sankt-Peterburqdan Bakıya qayıdaraq operativ müşavirə keçirmiş və Dövlət Komissiyasının yaradılması barədə göstəriş vermişdir. Komissiya üzvləri və Azərbaycan həkimləri dərhal Aktau şəhərinə ezam olunmuş, hadisə yerində araşdırmalara başlamışdı. İlkin araşdırmalar nəticəsində məlum olmuşdur ki, təyyarə Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında xaricdən zədə almış və idarəetməni itirmişdir. Ölkə başçımız həmçinin Azərbaycanın ilk gündən beynəlxalq ekspertlərin iştirakı ilə araşdırmanın aparılmasının tərəfdarı olduğunu bildirmişdir. Bu müsahibə dövlət başçısının ölkənin təhlükəsizliyi və vətəndaşlarının rifahı naminə qətiyyətli addımlar atdığını, eyni zamanda beynəlxalq münasibətlərdə şəffaflığın və ədalətin təmin olunmasına böyük önəm verdiyini bir daha göstərdi.

Sərnişin təyyarəsinin qarşılaşdığı fövqəladə vəziyyət zamanı pilotların göstərdiyi şücaət, onların peşəkarlığını və cəsarətini nümayiş etdirmişdir. Bu hadisə pilotların yalnız texniki biliklərə deyil, həm də çətin vəziyyətlərdə düzgün qərarlar qəbul etmə qabiliyyətinə malik olduqlarını bir daha sübut etdi. Hadisə zamanı təyyarə idarəolunmaz vəziyyətə düşmüş, lakin pilotlar soyuqqanlılığını qoruyaraq sərnişinlərin həyatını xilas etməyə yönəlmiş cəsarətli qərarlar vermişlər. Onlar mümkün qədər təhlükəsiz şəraitdə təyyarəni eniş etdirərək həm sərnişinlərin, həm də ekipaj üzvlərinin həyatını qorumağa nail olmuşlar. Bu, onların yüksək peşəkarlıq səviyyəsini və öz vəzifələrinə olan dərin məsuliyyət hissini nümayiş etdirir. Pilotların göstərdiyi şücaət, yalnız texniki biliklərə deyil, həm də mənəvi gücə sahib olduqlarını ortaya qoydu. Təyyarədə baş verən fövqəladə hallar zamanı sərnişinlərin həyatına təhlükə yaranmış, lakin pilotların peşəkarlığı sayəsində daha çox can itkisinin qarşısı alınmışdır.

Cənab Prezident İlham Əliyev müsahibədə Qazaxıstan hökumətinin Azərbaycanla həmrəylik və dostluq münasibətlərinin güclü bir nümunəsi olan dəstəyini də vurğuladı. Qazaxıstanın göstərdiyi bu dəstək iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirdi. Bildiyimiz kimi, baş vermiş faciəvi təyyarə qəzası zamanı Qazaxıstan hökuməti dərhal hərəkətə keçdi. Aktau şəhəri yaxınlığında baş verən hadisə zamanı Qazaxıstan tərəfi təxirəsalınmaz yardım tədbirlərini həyata keçirdi. Hadisə yerində zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi, Azərbaycan rəsmilərinə və xilasedici qruplarına lazımi şəraitin yaradılması, həmçinin araşdırmaların şəffaf və operativ aparılması üçün bütün lazımi dəstək təmin edildi. Bu Qazaxıstanın insani dəyərlərə və dostluq əlaqələrinə verdiyi əhəmiyyətin bariz nümunəsidir.

Qazaxıstanın hadisəyə verdiyi operativ reaksiya, həmçinin hadisənin araşdırılmasında beynəlxalq standartlara uyğun olaraq şəffaflığın təmin edilməsinə töhfəsi də təqdirəlayiq hesab edilir. Qazaxıstan rəsmiləri hadisə yerində Azərbaycanın müvafiq qurumlarına lazımi texniki və logistik dəstək göstərərək həmrəylik nümayiş etdirdi. Bu yanaşma regiondakı dövlətlərin çətin anlarda bir-birinə dayaq olduğunu göstərən gözəl bir nümunə oldu. Cənab Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Qazaxıstanın bu məsələdə göstərdiyi dəstək, Azərbaycanın ona qarşı olan etimadını daha da gücləndirmişdir. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətləri yalnız diplomatik səviyyədə deyil, həm də insanpərvərlik və qarşılıqlı yardım prinsiplərinə əsaslanır. Belə hadisə regional əməkdaşlıq və qardaşlıq əlaqələrinin nə qədər mühüm olduğunu xatırlatdı. Bu hadisə yalnız faciə deyil, həm də xalqlar arasında qardaşlıq və həmrəyliyin nümayişi oldu.

Elçin Məmmədov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

 

 

 

👁 baxış