Beynəlxalq münasibətlər sistemində hər dövlətin özünəməxsus yeri var. Bu, onun gücü ilə, qüdrəti ilə, dövlətlərarası münasibətlərin dünyəvi proseslər əsasında davam etdirilməsində fəaliyyəti ilə, dövlətin bəşəriliyi və tolerantlığı ilə xarici siyasətində bəşəri dəyərlərin yaşadılmasını da əhatələməsi ilə, dövlət başçısının şəxsi və beynəlxalq siyasətdə nüfuzu ilə bağlıdır. Azərbaycan dövlət olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev dövlət başçısı olaraq həmişə dünyanın iri dövlətlərinin nüfuzlu tele-kanallarının diqqət mərkəzində olub. Bu fikirlər Bakı şəhərində keçirilən Cop29 beynəlxalq tədbirdə də öz ifadəsini tapdı. Son illərin Azərbaycan gerşəklikləri dünyəvi siyasətin yenə də əsas subyekti oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi də siyasi mahiyyəti baxımından bu tezislərin gerçək təzahürüdür.
Ölkəmizin xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli münasibətlərin inkişafı yeni əməkdaşlıq formatlarının yaranması ilə yanaşı, qarşılıqlı əlaqələrin coğrafiyasının genişləndirilməsinə də töhfə verir. Bu əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən görüşlər zamanı müzakirə olunan məsələlər mühüm əhəmiyyət kəsb edir.
Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi hökümətlərarası sənədlərin imzalanması Azərbaycan-Rusiya arasında əməkdaşlığın daha da möhkəmlənməsinə müstəsna töhfələr verəcək. Ölkələr arasında əlaqələr hazırda sürətlə inkişaf etdirilir. Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması qarşılıqlı münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Bu gün ölkəmiz Cənubi Qafqazda geopolitik söz sahibidir. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Rusiya da öz növbəsində rəsmi Bakının dövlətlərarası münasibətlərdə prinsipial anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşdığından xəbərdardır və bu baxımdan, Azərbaycan Rusiya üçün də etibarlı strateji tərəfdaşdır. Bu mənada, Rusiya Prezidenti Vladimir Putinin bu günlərdə Bakıya səfəri növbəti yaxınlaşma kimi qəbul edilir. Rusiya Azərbaycanla strateji münasibətlərin inkişafına yönəlik məqsədləri ön plana çıxarmağı üstün tutur və supergüc dövlətlə normal münasibətlər sisteminə malik olması Azərbaycanın növbəti geopolitik uğurudur. Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyət daşımaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən, münasibətlərin dostluq və müttəfiqlik xarakterindən xəbər verir.
Regional təhlükəsizlik məsələləri də dövlətlərarası münasibətlərin vacib aspektlərindən biridir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib və bu, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Cənab İlham Əliyevin bu müsahibəsi bir daha Azərbaycanın xarici siyasətinin müstəqilliyini, dövlətin strateji müttəfiqlərini və beynəlxalq müstəvidə balanslı mövqeyini təsdiqləyir. O, Azərbaycanın qarşısında duran təhlükələrə qarşı məsuliyyətli yanaşaraq, hərbi müdafiə və diplomatik əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu, Azərbaycan üçün müstəqil siyasət və beynəlxalq aləmdə daha fəal rol oynamaq baxımından mühüm bir mərhələdir.
Əli Kərimov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri
👁 baxış
