Cəlilabadda payızlıq kartofun yığımı başlayıb. Ayrı-ayrı kəndlərdə bu il 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub.
Bəs payızlıq kartofun yığımının başlaması bazarda kartofun ucuzlaşmasına gətirib çıxara bilər?
Məcra.az xəbər verir ki, bu barədə iqtisadçı Elçin Rəşidov danışıb.
O bildirib ki, Azərbaycan, xüsusən də Cəlilabad zonası yazda yetişən kartofu ixrac edir. Payızda yetişən kartofu idxal edir. Yayda və payızda yetişən kartofu isə həm özü istehsal edir, həm də idxal edir:
“Bu son illərdə belə olub. Bu il yenidən Cəlilabadda kartof yığımı sezonu başlayır. Əvvəlki illər kimi gözləmək olar ki, biz ixrac etməyəcəyik. Cəlilabaddakı kartofu biz ixrac etmədikcə ölkədəki qiymətə təsiri olmayacaq. Yalnız kartofun bizim aldığımız ölkələrdəki qiyməti Azərbaycandakı kartofun qiymətini müəyyən edəcək. Əgər bu il qeyri-adi hadisə baş verərsə, Cəlilabad hətta o dərəcədə çox kartof yığsa və onu payızda ixrac etməyə başlasa, bu halda hətta bir kiloqram da ixrac etsə, Azərbaycanda kartofun qiyməti kəskin şəkildə düşəcək”.
Sevinc İBRAHİMZADƏ
Redaktor.az