Azərbaycanda icra başçılarının təyinatı zamanı onların hansı rayondan olması adətən xüsusi əhəmiyyət daşımır. Bir rayonda doğulmuş məmurun tamam başqa bölgəyə rəhbər göndərilməsi artıq adi hala çevrilib. Hətta elə icra başçıları var ki, karyeraları ərzində bir neçə fərqli rayona rəhbərlik ediblər.
Lakin Tovuzla bağlı diqqətçəkən bir məqam var. Müstəqillik illərində bu rayona rəhbərlik etmiş bütün icra başçıları elə Tovuzun özündən çıxıb.
Mecra.az xəbər verir ki,“Bakupost”un apardığı araşdırma göstərir ki, 1991-ci ildən bu günədək Tovuzun rəhbərliyində müxtəlif siyasi dövrlər yaşansa da, yerli kadrların təyin olunması ənənəsi qorunub.
Başçı dəyişib, tovuzlu ənənəsi dəyişməyib
Müstəqilliyin ilk illərində Tovuz Rayon İcra Hakimiyyətinə rəhbərlik edən şəxslərdən biri Tofiq Zeynalov olub. 1944-cü ildə rayonun Qovlar qəsəbəsində doğulan Zeynalov 1991–1992-ci illərdə icra başçısı vəzifəsində çalışıb.
1992-ci il mayın 29-da onun yerinə Səməd Əsgər oğlu Pənahov təyin edilib. Səməd Pənahov da tovuzlu idi – rayonun Qəribli kəndində doğulub.
Həmin ilin dekabrında Tovuzda növbəti rəhbər dəyişikliyi baş verib. Prezident Əbülfəz Elçibəyin 20 dekabr 1992-ci il tarixli fərmanı ilə Səməd Pənahov vəzifəsindən azad olunub, Vahid Sarı oğlu Hümmətov icra başçısı təyin edilib.
Vahid Hümmətov da kənardan gəlməmişdi. O, Tovuzun Əlibəyli kəndindən idi.
Məhərrəm Sarı oğlu Məhərov da Tovuzun öz yetirmələrindən olub. Rayonun Köhnəqala kəndindən olan Məherov 1995–1999-cu illərdə Tovuz Rayon İcra Hakimiyyətinə rəhbərlik edib. O, 20 iyul 1999-cu ildə Prezident Heydər Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.
Beləliklə, müstəqilliyin ən mürəkkəb siyasi dövrlərindən birində rayona ardıcıl olaraq üç yerli kadr rəhbərlik edib.
1999-cu il iyulun 20-də Prezident Heydər Əliyevin sərəncamı ilə Həmid Firudin oğlu Bağırov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Həmid Bağırov 1949-cu ildə Tovuzun Düz Qırıqlı kəndində anadan olmuşdu. Uzun illər bank-maliyyə sistemində çalışan Bağırov 2007-ci ilədək rayona rəhbərlik edib.
2007-ci ilin fevralında Tovuzda yenidən icra başçısı dəyişib. Maraqlıdır ki, bu dəfə də seçim başqa rayondan olmayıb. Vaxtilə Tovuza rəhbərlik etmiş Tofiq Zeynalov ikinci dəfə həmin vəzifəyə gətirilib.
Qovlarlı Tofiq Zeynalov 2018-ci ilin iyun ayınadək rayona rəhbərlik edib.
2018-ci il iyunun 7-də Prezident İlham Əliyev Məmməd Cahangir oğlu Məmmədovu Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Yeni başçı da tovuzlu idi. Məmməd Məmmədov rayonun Dönük Qırıqlı kəndində anadan olub.
Beləliklə, sonuncu təyinatla da yerli kadrların Tovuza rəhbərliyi davam etdirilib.
Təsadüf, yoxsa yazılmamış qayda?
Bu təyinatları maraqlı edən təkcə icra başçılarının eyni rayondan olması deyil.
Söhbət müxtəlif prezidentlərin hakimiyyəti, fərqli siyasi şərait və ayrı-ayrı kadr komandaları dövründə davam etmiş bir tendensiyadan gedir.
1992-ci ildə İsa Qəmbərovun prezident səlahiyyətlərini həyata keçirdiyi dövrdə də, Əbülfəz Elçibəyin prezidentliyi zamanında da Tovuza tovuzlu rəhbər təyin edilib. Heydər Əliyevin və İlham Əliyevin prezidentliyi illərindəki təyinatlarda da eyni mənzərəni görürük.
Halbuki Azərbaycan qanunvericiliyində icra başçısının mütləq rəhbərlik etdiyi rayondan olması barədə tələb yoxdur. Prezident istənilən rayona qanunvericiliyin tələblərinə uyğun olaraq başqa bölgədən olan şəxsi də rəhbər təyin edə bilər.
Bəs Tovuzda niyə illərdir başqa mənzərə müşahidə olunur?
Bu, rayonun özünəməxsus xüsusiyyətləri ilə bağlıdırmı? Yoxsa müxtəlif dövrlərdə Tovuzdan çıxmış kadrların həmin vəzifəyə uyğun görülməsinin nəticəsidir?
Əlbəttə, bütün bunların əvvəlcədən müəyyənləşdirilmiş kadr siyasətinin nəticəsi olduğunu söyləmək üçün ayrıca sübutlar lazımdır. Amma faktların yaratdığı mənzərə özü kifayət qədər maraqlıdır.
Yerli rəhbər üstünlükdürmü?
Əslində, rayona yerli şəxsin rəhbərlik etməsinin müəyyən üstünlükləri ola bilər.
Belə rəhbər bölgənin coğrafiyasını, kəndlərini, təsərrüfatını, əhalinin problemlərini, yerli münasibətləri daha yaxından tanıya bilər. Üstəlik, rayonun inkişafına şəxsi bağlılıq hissi də mühüm amildir.
Amma məsələnin digər tərəfi də var.
Yerli rəhbərin uzun illər ərzində formalaşmış şəxsi əlaqələri, qohumluq və tanışlıq münasibətləri idarəçilikdə obyektivliyə mane ola bilər. Belə hallarda yerli maraq qruplarından asılılıq riski yaranır.
Kənardan təyin olunan rəhbər isə bu münasibətlərdən nisbətən uzaq ola bilər, lakin onun da rayonu və yerli problemləri tanıması müəyyən vaxt tələb edir.
Deməli, əsas məsələ icra başçısının haralı olması yox, onun necə idarə etməsidir.
Tovuz Azərbaycanda yeganə nümunədirmi?
Ölkənin digər rayonlarında da yerli icra başçılarının uzun müddət vəzifədə qalması faktlarına rast gəlinir.
Məsələn, Qusar, Qax, Ucar və Oğuzda müxtəlif dövrlərdə həmin rayonlardan çıxmış şəxslər uzun illər icra hakimiyyətlərinə rəhbərlik ediblər.