Ağdam… Bir zamanlar həyat dolu, ümid və sevincin, mədəniyyət və incəsənətin beşiyi olan bu şəhər, 1993-cü ilin 23 iyulundan 2020-ci ilin soyuq noyabr günlərinə qədər illərlə qaranlığa bürünmüşdü. Savaşın, işğalın və doğma sakinlərindən məhrumiyyətin ağrı-acısı qədim şəhəri sözün əsl mənasında ruhlar şəhərinə çevirmişdi. Lakin 2020-ci ilin sonlarında, 44 günlük qəhrəmanlıq və şücaət dastanı nəticəsində, Ağdam yenidən doğma sakinlərinin nəfəsini öz simasında hiss etməyə başladı.
Ağdam, Sovet dönəmində və ondan əvvəlki dövrlərdə daim Qafqazın ticarət, sənaye və incəsənət mərkəzlərindən biri kimi tanınırdı. Bu şəhərdə teatr, musiqi, rəssamlıq və ədəbiyyat sahələrində böyük fəaliyyətlər həyata keçirilirdi. Ağdam, həm də ticarət və səneye ilə məşğul olan bir bölgə olaraq iqtisadi baxımdan da güclü idi.
Lakin 1993-cü ilin iyul ayında, işğal zamanı Ağdamın siması tamamilə dəyişdi. İşğal nəticəsində Ağdamın çoxsaylı tarixi və mədəni abidələri dağıldı, şəhərin infrastrukturu yerlə-yeksan oldu, sakinlər isə məcburi köçkünə çevrildilər. Ağdamın əhalisi, öz evlərini, var-dövlətini və keçmişlərini tərk edərək başqa regionlara pənah gətirdi. İşğaldan sonra Ağdam uzun müddət dünya xəritəsindən silinmiş, yalnız qəlblərdəki xatirələrlə yad edilmişdi.
2020-ci ilin noyabr ayında Ağdamın hərbi-siyasi yolla azad olunması, Azərbaycan xalqı üçün böyük tarixi bir an oldu. Buna qədər hərbi yolla azad olunan Şuşa da daxil olmaqla beş şəhərimiz var idi. Ağdam isə Azərbaycanın cəbhədəki uğurlu gedişatını diplomatiya müstəvisində də davamının təsdiqi kimi siyasi yolla Ordumuzun nəzarətinə qaytarılan ilk şəhərimiz oldu. Bu, həm də bir dövlətin, bir millətin siyasi gücünü göstərməsi demək idi.
Ağdamın işğaldan azad edilməsi, həm də şəhərin bərpası üçün yeni ümidlərin yaranmasına səbəb oldu. Şəhər təkrarən müharibə və dağıntıların izləri ilə üzləşsə də, bu gün hər bir daş, hər bir künc bərpa olunmağa, inşa edilməyə və yenidən həyat tapmağa başlayır. Bərpa isə yalnız fiziki infrastruktura deyil, həm də şəhərin mədəniyyətinə, insanlarının həyat tərzinə, tarixi irsinə diqqət yetirilərək həyata keçirilir. Yenidənqurma layihələri təkcə binaların tikilməsi ilə məhdudlaşmır, həm də şəhərin ruhunun bərpasını hədəfləyir. Beləliklə, Ağdamın mədəni irsi bərpa edilməli, şəhərin bir zamanlar parlaq olan sənət və incəsənət aləmi yenidən canlandırılmalıdır. Yeni məktəblər, xəstəxanalar, parklar, muzeylər inşa edilərək, şəhərin əvvəlki həyatı təkrar qurulmağa çalışılır.
Ağdamın dirçəlişi, bir millətin öz kimliyini, mədəniyyətini, tarixini və ruhunu bərpa etməsidir. Bu şəhər, yalnız daşlardan ibarət deyil, hər bir küçəsi, hər bir binası, hər bir ağacı özündə bir tarix, bir xatirə daşıyır. Onu yenidən qurarkən, yalnız daşları deyil, həm də orada yaşamış insanların ruhunu, onların çəkdiyi əzabları və bu torpağa verdikləri sevgini bərpa etməliyik.
Ağdamın yenidən qurulması, həm də gələcəyə doğru atılmış bir addım idi. Ağdamın bərpası, gələcək nəsillərə öz vətənlərini sevib qorumağın, mədəni irslərini yaşatmağın və hər zaman birlikdə olmağın əhəmiyyətini təbliğ edəcək. Bu şəhərin dirçəlişi, təkcə bu günün deyil, həm də gələcəyin və ümidin işığına çevriləcək.
Kamal Quluzadə,
Pirallahı Rayon İcra Hakimiyyətinin
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı