Vətənimizin ərazi toxunulmazlığı və sərhədlərimizin qorunması Konstitusiyamızda tam ifadə olunub. Qeyd olunub ki, Azərbaycanın sərhədləri heç bir müdaxilə yolu ilə dəyişdirilə bilməz və onun qorunması dövlətə məxsus olan silahlı birləşmələr tərəfindən təmin edilir.
Müstəqilliyimizin əsas dayaqlarından olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi də Azərbaycanın qüdrətli dövlət olaraq beynəlxalq aləmdə nüfuz sahibi kimi tanınmasına xidmət edir. Bu gün doğma ordumuzun sıralarında xidmət edən gənclər Konstitusiyamızdan irəli gələn tələbləri yetərincə dərk edərək Vətənimizə layiqincə xidmət etməyin məsuliyyətini dərindən başa düşürlər. Bu gün təlim və məşğələlərdə döyüş səriştəsini artıran Azərbaycan Ordusunun şəxsi heyəti göstərilən etimadı əməli fəaliyyəti ilə doğrultmağa tam qadirdir.
Əsas Qanuna görə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Bu maddənin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz ordusunu yaratmaqla heç bir qəsbkarlıq niyyəti güdmür, yalnız öz torpaqlarını təcavüzlərdən qorumağı yeganə məqsəd hesab edir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan üçün ordu quruculuğunu inkişaf etdrmək və hərbi potensialı artırmaq beynəlxalq hüquqla tanınan ərazilərinin işğaldan azad edilməsindən irəli gəlir. Bu missiyanı hörmətli Prezidentimiz əməldə doğrultdu.
Azərbaycan Prezidenti yürütdüyü siyasətlə sülh tərəfdarı olduğunu dünyaya dəfələrlə nümayiş etdirdi. Vətən savaşında Ali Baş Komandanın mətinlik və qətiyyəti onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir.
Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı.
Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Biz, Əsas Qanunumuz qəbul olunduqdan sonra işlərimizi yenidən təşkil edərkən onun müddəalardan xeyli bəhrələndik, nəticədə partiyamız qısa müddət ərzində insanların ictimai-siyasi şüurunun müasir tələblərə uyğun yeniləşməsində avanqard qüvvə kimi inkişaf etdi, mütəşəkkil siyasi qüvvəyə çevrildi. Biz, ulu öndərimizin hər şeyə qadir siyasətini yeni bir qüvvə ilə davam etdirdik, dövlətimizin siyasi əsaslarının daha da möhkəmləndirilməsi, vətəndaşların təfəkkürünün inkişaf etdirilməsində irəliyə doğru ciddi addımlar atdıq və siyasi avanqard kimi bu tədbirlərimizi ardıcıl olaraq davam etdiririk.
Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi