Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub.
Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.
Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızın ucaldılması. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.
Hamıya məlumdur ki, Şuşaya kim nəzarət edirsə, Qarabağa da o nəzarət edir. Bu baxımdan Şuşanın qısa müddətdə bərpası və məskunlaşdırılması Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmlidir. Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımıza səfərləri zamanı qeyd etdiyi kimi, geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaqdır.
İndi Şuşaya yeni həyat qayıdıb. İllər sonra burada Azərbaycanın böyük sənətkarlarının, klassiklərimizin, müasir şairlərimizin şeirləri səsləndirilirsə, Azərbaycan muğamının səsi bütün dünyaya yayılırsa, “Qarabağ şikəstəsi” dinlənildikdə artıq ürək yanğısı deyil fəxarət hissi keçirilirsə, bu o deməkdir ki, Şuşa yenidən öz nəfəsini alır, xoşbəxt günlərinə qayıdır. Bu isə hər bir Azərbaycan vətəndaşının qəlbini fərəh hissi ilə doldurur.
Vahid Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi