4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
27 sentyabrında başlayan Vətən müharibəsində sarsılmaz inamlı qələbələrin əldə edildiyi ilk günlərdə yenə də hamının qəlbi Şuşa intizarı ilə çırpınırdı. Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Ona görə də, rəşadətli ordumuz hər gün, hər saat, hər dəqiqə Şuşaya doğru dayanmadan, inamla irəliləyirdi. Qəhrəman əsgər və zabitlərimiz çətin və mürəkkəb relyefə, ağır hava və yolsuzluq şəraitinə baxmayaraq, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Şuşadan qovaraq çıxardı. Ata vəsiyyətini layiqincə yerinə yetirən Möhtərəm Prezidentin tarixi missiyası uğurla tamamlandı və Zəfər Günümüzə qovuşduq.
Azərbaycanın son Qarabağ savaşında qələbəsindən, şanlı ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindənartıq dörd il keçsə də, Zəfərimizin sevinci də, zəfərli yolumuz da, hər gün əziz Qarabağa yeni qayıdışlarımız da davam edir. Biz son dərəcə məmnunuq ki, Azərbaycan xalqı Şuşaya müzəffər xalq kimi qayıdıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya dəfələrlə etdikləri səfərlər də Zəfər tariximizi növbəti mühüm hadisələrlə zənginləşdirdi.
Biz ölkə rəhbərinin hər bir addımını daim dəstəkləyirik. Çünki bu addımlar reallığa əsaslanır. Dövlət başçımız hər zaman deyir ki, siyasət sözlərə, şüarlara yox, məhz real əməllərə söykənməlidir. Cənab İlham Əliyevin rəhbərlik etdiyi ölkəmiz hazırda regional və hətta beynəlxalq proseslərə təsir gücünə malik mühüm siyasi mərkəzdir. Bu faktın arxasında da məhz Prezidentimizin reallıqları düzgün qiymətləndirməsi, praqmatik addımlar atmaq bacarığı dayanır. Dövlət başçımız Azərbaycanı dövrün bütün çağırışlarına ustalıqla uyğunlaşdırdı. Qarabağ da, o cümlədən Şuşamız da hadisələrin Ali Baş Komandanımız tərəfindən düzgün qiymətləndirilməsi sayəsinda azadlığa qovuşdu.
İslam İsgəndərov,
Cəlilabad şəhər kommunal müəssisələri kombinatın direktoru