Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə 2024-cu il üçün hazırlıq planına muvafiq olaraq Cəlilabad rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Məcra.az xəbər verir ki, təlimdə Fovqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Fövqəladə Hallar Komissiyası rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Öncə təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsǝddiq Əsədov, mülki müdafiə tədbirlərının icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması vacibliyini bildirib.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal bas verən ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi əraziyə giris çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsiredici zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş verən obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri yerinə yetirilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin muhafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi
heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyının qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı
təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Qeyd edilib ki, kompleks mülki müdafiə təliminə ümumilikdə 391 nəfər şəxsi heyət və 48 ədəd texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, rayonun mülki müdafisi dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulan məqsədlərə nail olunub.