Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Dövlət bayrağımız bütün Qarabağda dalğalanır, Azərbaycan xalqının ləyaqəti bərpa olunub. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə xalqa etdiyi müraciətdə deyildiyi kimi, son illər ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb.
Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Ötən iyirmi il ərzində Güclü iqtisadiyyat yarandı. Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Təbliğatın nəticəsində sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.
Biz sübut etdik ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı.
30 il ərzində xalqımız böyük faciələrlə üz- üzə qalmışdır, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Qondarma respublikasının rəhbərliyində olanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir.
Bizim Bayrağımız Xankəndidə dalğalanır. Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.
Emil Şəmmədov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi