Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur. Bu istiqamətin davamı kimi, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada MDB dövlət başçılarının sammitində çıxışı dərin marağa səbəb olmuş və tam anlaşma ilə qarşılanmışdır.
Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni imzalanması postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Sabit əməkdaşlıq əlaqələri. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. MDB liderləri ilə görüşündə regionda münaqişədən sonrakı vəziyyətin də ətraflı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev deyib: ki, görüş çərçivəsində aparılan müzakirələr münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.
Dövlətimizin başçısı görüşdə qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Onu da deməliyik ki, Azərbaycanın ikitərəfli münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Buna görə də Prezident cənab İlham Əliyevin təşəbbüsləri beynəlxalq miqyasda hörmətlə qarşılanır.