Birliyimiz və həmrəyliyimiz Vətən müharibəsində misilsiz oldu

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatından və onların bütün
cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından
dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan Vətən Müharibəsi Ali
Baş Komandanımızın diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgər və
zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində 30 il işğal altında olan həsrətində
olduğumuz torpaqlarımız özümüzə qaytarıldı. Bu, xalq-iqidar-ordu birliyinin, xalqın,
ordunun öz gücünə inamının qələbəsidir. Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət
təntənəsidir.
Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur.
Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza
əlavə güc verirdi. Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi sahədə olduğu kimi
diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş,
Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və
müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir.
Liderimiz həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən
dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi.
Azərbaycan ictimaiyyəti ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların
Vətən naminə həmrəyliyinə şahidlik etdi. Milli həmrəyliyi Vətən müharibəsi zamanı
siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat
və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna
olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və
2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən
təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”,
“Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında
Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”,
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin
“Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16
beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o
cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.
Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar hər gün döyüşləri izləyir və
Azərbaycanın uğurlarına sevinirdilər. Xarici ölkələrdə yaşayan milyonlarla
azərbaycanlının ürəyi 44 gün ərzində tarixi Vətəni ilə bir döyünürdü.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.
Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü
düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin
şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya
Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Allah şirin canlarını Vətənin azadlığı
uğrunda fəda etmiş şəhidlərimizə rəhmət eləsin. Biz onları heç vaxt unutmayacağıq.

Ədalət Əsgərov,
Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri