Erməni işğalının acı fəsadları

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən
müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə 2020-ci il
dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis
edilməsi haqqında Sərəncam imzalamışdır. Mübaliğəsiz demək olar ki, bu sənəd çox
böyük tarixi əhəmiyyətə malikdir. Tarixi Azərbaycan torpağı olan Qarabağa
ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı
başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edir. İkinci Qarabağ müharibəsi
bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri
44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə
təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş
açmış, onların rahat yaşamasına imkan verməmişdir. Bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. İşğal zamanı
Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan tərəfindən
işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7
arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli
əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri,
15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı,
40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927
kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8
mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş
ərazilərdə qalmışdır.
2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri
zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin
Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları
davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı
bəyanatlar vermişlər.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə
intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının
yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti
təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc
sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və
təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Ali Baş Komandan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya,
məğlubiyyət aktına imza atdı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır,
deməli, Azərbaycan bundan sonra da daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin
üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.

Arif Abdullayev,
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası