Prezident İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ
Universitetində çıxışı hər bir vətəndaşımızın qəlbini riqqətə gətirmişdir.
Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında
imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə
var. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.
Dövlət başçısı vurğulamışdır ki, iki tərbiyə mənbəyi var – ailə və müəllim.
Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır.
Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə
dəyərlərinin eybəcər formasına düşməsi haqlı olaraq ikrah hissi doğurur. Ailə
dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır.
Əsas dəyərlərdən biri də tariximizdir. Gənc nəsil bu tarixi dəyərincə
öyrənməlidir. XIX əsrin əvvəlində bağlanmış üç müqavilə – “Kürəkçay”,
“Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi.
Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan
ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və
bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri
hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa
çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq
ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları
atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq
Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının
tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı.
Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan
üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız.
Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən
bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat
bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı.
Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların
vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ
müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ
uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.
Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini
qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi
bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir
ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. Gələcəyə inam heç vaxt
qırılmamalıdır. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta
müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq
lazımdır.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru