Bildiyimiz kimi, Azərbaycanın regionda və dünyada rolu artdıqca ölkəmizin siyasi-iqtisadi maraqları da öz sözünü deməkdədir. Əbəs deyil ki, Azərbaycan artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, habelə müşahidəçi qismində iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündəki çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Son illərdə qəbul olunmuş qərarlar regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Dövlət başçımızın çıxışında qeyd edilib ki, Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyətə malikdir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Prezidentin sammitdəki çıxışında həmçinin vurğulanıb ki, COP29 iqlim konfransı. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.
Bəli, bu gün böyük iftixar hissi ilə söyləmək olar ki, xalqımız kimi, qonşu dost ölkələrin ictimaiyyəti də müdrik liderimiz cənab İlham Əliyevə haqlı olaraq inanır və ona güvənir. Azərbaycan Prezidenti bu gün dünyanın ən güclü və xarizmatik liderlərindəndir. Prezidentimiz həmin inam və etimadı çoxdan qazanmışdır. Onun yürütdüyü xarici siyasət kursu, sözün həqiqi mənasında, gənc, həm də ərazicə o qədər də böyük olmayan Azərbaycan dövlətini dünyanın əsas diqqət mərkəzlərindən birinə çevirib.
Sultan Bayramov,
Cəlilabad rayon Su-kanal sahəsinin mühəndisi