Uzun müddətdir ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə, regionda təhlükəsizliyin təmin olunması istiqamətində bütün təşəbbüsləri əngəlləyir. Bu gün regiona silahlı qarşıdurma yox, sülh və əmin-amanlıq lazımdır. Bu, sadə ermənilərin də xeyrinədir. Təəssüf ki, Ermənistandakı qatı millətçi siyasi qüvvələr öz şəxsi mənafeləri naminə yenə də xalqı aldadır, ondan hakimiyyəti ələ keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışır.
Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında bu məsələ geniş şərh edilib. Dövlətimizin başçısı Sammitdə Zəngəzur dəhlizinin əhəmiyyətini iştirakçı dövlətlərin diqqətinə bir daha çatdırıb. Ermənistan maneələr yaratmaq əvəzinə, Zəngəzur dəhlizinin tezliklə istifadəyə verilməsində daha çox maraqlı tərəf olmalıdır. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan dəfələrlə düşmənçiliyə son qoymağa hazır olduğunu bəyan etmiş və bütün qonşu dövlətlərin iştirakı ilə regionda inkişafın və əməkdaşlığın təmin olunduğu reallığı qəbul etməyə çağırır. Bu kontekstdə Azərbaycan regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün əməli addımlar atır.
Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinin, eləcə də Azərbaycan-Emənistan münasibətlərinin normallaşması prosesinin yubanmasının arxasında rəsmi İrəvanın dayanması barədə xəbərdarlıq etdi. Azərbaycanın yanaşması ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olması üçün əsasdır. Çünki bu yeni kommunikasiya təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya ölkələri üçün əhəmiyyət kəsb edir. Buna görə də, Ermənistanın Zəngəzur dəhlizinə müqavimət göstərmək cəhdlərinin heç bir perspektivi yoxdur və Azərbaycanın sonda öz məqsədinə çatacağı labüddür.
Biz haqq yolundayıq. Ona görə ki, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Düşünürük ki, beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasının vaxtı çoxdan çatıb.
Qeyd edək ki, bu görüşə Prezident İlham Əliyevin dəvət olunması, aparılan müzakirələrdə onun fikirlərinin öyrənilməsi və dəstəklənməsi dediklərimizin əyani təsdiqi, həmçinin onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramın əlamətidir.
Əminağa İsparov,
Cəlilabad rayon üzrə təhsil sektorunun metodisti