“Ailəliyəm, iki övladım var, Vətən müharibəsi zamanı onları anamın himayəsində qoyub, döyüşə yollandım”
Bunu Məcra.az-a açıqlamasında Cəlilabad rayon Muğan kənd sakini Babaşov Elməddin İmran oğlu deyib.
Atasını erkən yaşlarında itirən E.Babaşov çətinliklə ailəsini dolandırdığını bildirib:
“Özüm fəhlə işləyirəm ki, ailəmi dolandırım. Anam da yaşlı qadındır, xəstədi. Özüm əsgəri xidmətimi Ağdamda keçmişəm. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı mən də döyüşə çağırıldım”.
E.Babaşov noyabrın 5-də Qubadlıya yola düşdüklərini bildirib:
“Biz Qubadlıda N saylı hərbi hissənin tərkibində olmuşuq. Biz orda xidmət aparanda ermənilər təslim oldu və müharibə dayandı. Ondan sonra Şuşa şəhərinə göndərildik. Topxana meşəsində və Arsenal postunda xidmət etmişəm”.
E.Babaşov dekabrın 27-də ordu sıralarından tərxis edildiyini və indiyə kimi ona veteranlıq verilmədiyini deyib:
“Bir çox hərbçi yoldaşlar kimi mən də “Qubadlının azad olunmasına görə” medalıyla təltif edilmişəm. Düzdü, mən demirəm döyüşlərdə olmuşam, amma alınan ərazilərdə mühafizədə xidmət aparmışıq. Amma indiyə kimi hərbi biletimə “Müharibə veteranı” möhürünü vurmurlar. Bununla bağlı Müdafiə Nazirliyinə gedib müraciət etdim. Orda da mənə bildirdilər ki, “döyüşdə olmadığınız üçün sizə veteranlıq verilməyib. Bu medalı da sizə həvəsləndirmək üçün veriblər”. Onların bu sözü mənə çox pis təsir etdi. Hansı ki, bizimlə birlikdə xidmət edən hərbçilərin bir çoxu veteranlıq alıb”.
Məsələylə bağlı Müdafiə Nazirliyindən Məcra.az-a bildirilib ki, E.Babaşov nazirliyə rəsmi qaydada müraciət etsin. Onun problemi araşdırılıb cavab veriləcək.
Qeyd edək ki, bu günə qədər veteranlıqla bağlı müraciət edənlər arasında Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədova və qazi Orxan Quliyevə veteranlıq verilib.
Hazırladı: Uğur