Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb. Prezident qeyd edib ki, COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan
vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP- dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh
danışıqlarında irəliləyişin nəticəsidir;
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir.
COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük
ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər;
Ramil Əmənov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi