Antiterror əməliyyatında şəhid olan hərbçimizin anım tədbiri keçirildi-FOTOLAR

2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən keçirilən entiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan müddətdən artıq hərbi qulluqçu, komando Hüseynzadə Ramazan Həmdulla oğlunun anım günü keçirilib.

Məcra.az xəbər verir ki, tədbir Cəlilabad rayon Muğan kənd orta məktəbində keçirilib. Tədbir zamanı həmçinin şəhidimizin adına verilən sinif otağının da təqdimatı olub.

Şəhidimizin atası, birinci Qarabağ döyüşçüsü Həmdulla Hüseynov tədbirdə iştirak edən hər bir şəxsə öz minnətdarlığını bildirib.

Tədbirdə Muğan kənd orta məktəbinin müəllim və şagirdləri fəal iştirak ediblər. Bununla yanaşı, Cəlilabad rayon icra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Fizuli Cəfərov, Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad filialının sədri, birinci qrup Qarabağ əlili Maşalla Əliyev, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.

Tədbirdə şagirdlər şəhid haqqında şeirlər səsləndirib, Fizuli Cəfərov, Maşalla Əliyev və şəhid ataları dövlətimizin Qarabağ uğrunda apardığı uğurlu döyüş əməliyyatlarından söz açıblar. Onlar torpaq uğrunda şirin canlarından keçən şəhidlərimizin daim yaddaşlarda yaşayacağını bildiriblər.

 

Qeyd edək ki, Hüseyzadə Ramazan Həmdulla oğlu 1 yanvar 2000-ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olub. 2023-cü ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Ordusu tərəfindən aparılan antiterror əməliyyatı zamanı Xocalı rayonunun Dəhrəz kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onu da bildirək ki, şəhidimizin əmisi Hilal Hüseynov da birinci Qarabağ savaşında itkin düşüb və ona şəhidlik statusu verilib.

Vasif ƏLİHÜSEYN

PAGE TOP