“44 günlük Vətən müharibəsi zamanı Azərbaycan nə əvvəlki, nə də indiki Azərbaycan idi. İnsanlar da dəyişmişdilər. Hamı bir-birinə doğma idi. Müharibənin çox qəribə abu-havası olur. Hamı istəyirdi ki, nəsə bir işin qulpundan yapışıb xidmət eləsin”
Bunu Məcra.az-a açıqlamasında Vətən müharibəsi zamanı şəhidlərimizi şəriət qaydalarına uyğun yuyub dəfnə hazırlayan Cəlilabad sakini Həsən Məmmədov deyib. O, çıxışına daha sonra bunları əlavə edib:
“Müharibə dövründə bir çox insanlar maddi yardımlar etdilər. Onlara öz təşəkkürümüzü bildirirəm. Bakıdan, Beyləqandan insanlar gəlib əlaqə saxlayırdılar köməklik edirdilər. Birinci Qarabağ müharibəsi qazisi Mübariz Sadıqlı adında insan bizə evini yaşamağa verdi.
Elə vaxt olurdu ki, axşam yadımıza düşürdü ki, hələ yemək yeməmişik. Nə halsızlıq, nə də yorğunluq hiss edirdik. Allahdan arzu edirəm ki, bir də o ağrılı-acılı günləri yaşamayaq. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu. Şəhidlərimizin canı, qanı bahasına torpaqlarımız işğalçılardan təmizləndi.
O günlər həm də fəxrli günlər idi. Arzu edirəm ki, şəhidlərimiz həmişə xatırlansın, unudulmasın. Qazilərimizə qarşı laqeydlik olunmasın. Ehtiyacları ödənilsin. Bu acını yaşayan bir valideyn kimi onu deyə bilərəm ki, övlad acısı heç vaxt unudulmur.
Dövlətimiz bu illər ərzində güclənib, silah alıb və torpaqlarımızı düşməndən azad edib. Müharibədən sonra şəhidlərimizin ziyarətini tez-tez gedirəm”-deyə Həsən Məmmədov bildirib.
Vasif Əlihüseyn