Otüz bir il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan – məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. O illərdə isə ölkəmizin gələcək inkişafı o qədər də aydın deyildi. Çünki Yeni Azərbaycan Partiyası noyabr ayında yaradılmışdı. Ondan sonra ölkədə dərin böhran daha da kəskinləşdi, 1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyü ölkəmizdə qardaş qanı axıtdı, vətəndaş müharibəsi başlamışdı və bunun nəticəsində torpaqlarımızın işğalı prosesi davam etmişdir.
Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP, sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi.
Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyinin müqəddəratı həll olunanda xalq öz qeyrətli oğlunu köməyə çağırdı. 1992-ci il 21 noyabrda təsis konfransını respublikanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda ümumxalq partiyasına çevrildi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı.
Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib. Partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.
Malik Əliyev,
Cəlilabad RMX PHŞ Xanəgah kənd ASM-nin şöbə müdiri